Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Fəlsəfəyə və xalqına sadiq bir ömür
14.05.2025 12:45
  • A-
  • A
  • A+

Fəlsəfəyə və xalqına sadiq bir ömür

Məqsəd Məhəmmədəli oğlu Səttarovun 100 illiyinə həsr olunur

2025-ci il Azərbaycan fəlsəfi düşüncə tarixində xüsusi əhəmiyyətə malik bir şəxsiyyətin - Məqsəd Məhəmmədəli oğlu Səttarovun anadan olmasının 100 illiyi ilə əlamətdardır.

Мəqsəd Məhəmmədəli oğlu Səttərov (1924-2000) görkəmli azərbaycanlı filosof, dinşünaslıq, ateizmin tarixi və nəzəriyyəsi, eləcə də ictimai şüur sahəsində mütəxəssis olmuşdur. O, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmiş, 1954-cü ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə professor elmi adını almış, 1989-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

M.Səttərov Azərbaycan SSR EA-nın Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri kimi çalışmış, burada İslamın ölkənin mənəvi və mədəni həyatındakı rolu, eləcə də ateizm və ictimai şüurun inkişafı məsələlərini tədqiq etmişdir. O, 10 monoqrafiya, 4 kitab, 21 braşura və 60-a yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi altında 30-dan çox elmlər namizədi və doktoru dissertasiya müdafiə etmişdir. Elmdəki xidmətlərinə və Böyük Vətən Müharibəsində iştirakına görə müxtəlif orden və medallarla təltif olunmuşdur.

Məqsəd müəllim mənim yaddaşımda yalnız elmi rəhbərim və tanınmış filosof kimi deyil, həm də əsl ziyalı, müdrik və insanpərvər şəxsiyyət kimi qalıb. Onun sadəliyi, intellekti və mənəvi bütövlüyü bir çoxlarına örnək olub.

ADU-nun Fəlsəfə fakültəsində onu böyük hörmətlə “gənc Kant” adlandırırdılar. Bu ləqəb təkcə onun dərin intellektinə görə deyildi - bu, həm də onun davranışındakı nəzakət, düşüncələrindəki dəqiqlik və şəxsiyyətindəki əxlaqi gücün ifadəsi idi. Hətta bir dəfə Ulu Öndər Heydər Əliyev onunla görüşdə zarafatla, amma maraqla soruşmuşdu:

“Səni gənc Kant adlandırırlar? Maraqlı adamsan!”

Səttarov bu görüşləri tez-tez xatırlayır, Heydər Əliyevin təvazökarlığını və iti zəkasını heyranlıqla qeyd edirdi.

O, dərin vətənpərvər idi. Sovet dövründə rus dilində yazmaq məcburiyyəti hökm sürsə də, Səttarov israrla ana dilində yazmağa çağırırdı. O deyirdi:

“Millətin ruhunu, düşüncəsini yalnız ana dilində ifadə etmək mümkündür. Hər bir beynəlmiləl ideya millidən keçir”.

Mən dissertasiyamı Azərbaycanda 20-30-cu illərdə ateist düşüncənin inkişafına həsr etmişdim. O isə mənə tövsiyə edirdi ki, həmin dövrün müəlliflərində gizli, dərin fikirləri tapmağa çalışım, çünki o dövrdə azad düşüncə çox vaxt “sətiraltı” mövcud olurdu.

M.Səttarov İslama və dini dəyərlərə böyük hörmətlə yanaşırdı. Mən hələ də xatırlayıram - ilk dəfə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsini necə böyük sevinc və səmimiyyətlə qarşılamışdı. Onun üçün bu hadisə sadəcə dini deyil, mədəni və mənəvi baxımdan da dəyərli idi.

Qadınların hüquqlarına və cəmiyyətdəki yerinə xüsusi həssaslıqla yanaşırdı. Onun fikrincə, cəmiyyətin yetkinliyi qadına münasibətlə ölçülür.

Məqsəd müəllim Mir Cəfər Bağırovun məhkəmə prosesində iştirak etmişdi və bu təcrübə onun yaddaşında dərin iz qoymuşdu. O, bu prosesin fonunda tez-tez 1930-40-cı illərin repressiya qurbanlarını xatırlayırdı. Xüsusilə, Azərbaycan Yazıçılar Birliyinin 27 üzvünün qurban getdiyini, onların nə qədər qiymətli əsərlər yarada biləcəyini dərin ağrı ilə dilə gətirirdi. O belə deyirdi:

“Təsəvvür edin, 29 yaşında güllələnən Müşfiq nələr yaza bilərdi...”

Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli - o, bu adları ehtiramla çəkir, onların ruhunu yaşatmağı öz borcu sayırdı.

Səttarov həm də Böyük Vətən Müharibəsi iştirakçısı idi. Müharibədən sonra həlak olmuş döyüş yoldaşlarının ailələrindən məktublar alırdı. İnsanlar ondan ataları, qardaşları, oğulları haqqında məlumat istəyirdilər. O, bu məktublara səmimi cavab verir, xatirələri ilə onları təsəlli etməyə çalışırdı. Bu, onun təkcə filosof deyil, həm də dərin insan olduğunun göstəricisi idi.

Bütün bu keyfiyyətləri ilə Məqsəd Səttarov bizim yaddaşımızda belə qaldı - müdrik, dürüst, detallara və insana qarşı diqqətli, elminə və xalqına sadiq bir şəxs kimi. O, sadəcə fəlsəfəni öyrətmirdi, onu yaşayırdı. Bizə yalnız elmi əsərlər deyil, həm də düşüncə ilə vicdanın yanaşı gedə biləcəyinin canlı nümunəsini miras qoydu.

Zöhrə ƏLİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: