Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Zəfərə aparan yolun yolçuları igid oğullarımızla bərabər, həm də xalq oldu
07.11.2023 12:43
  • A-
  • A
  • A+

Zəfərə aparan yolun yolçuları igid oğullarımızla bərabər, həm də xalq oldu

Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu, hərbi məktəblərin açılması, hərbi kadrların yetişdirilməsi və bu yolda Prezident İlham Əliyevin davamlı olaraq yeritdiyi daxili və xarici siyasət, rəhbərliyi və uzaqgörənliyi işğal altında olan Qarabağın heç vaxt azad edilə bilməyəcəyi barədə mifin darmadağın olmasını labüdləşdirdi. Nəhayət, o tarixi gün gəldi. Çoxumuzun mahiyyətini dərindən dərk edə bilmədiyimiz, Qarabağ tilsiminin nə zamansa qırılacağına, çıxdığımız bu yolun Zəfər yolu, bizi Qələbəyə aparan yol olduğuna inanmadığımız o tarixi gün gəldi. Bütün gücünü, qüdrətini, yenilməz ordusunu, döyüşən oğullarını səfərbər edərək düşməni susdurmağı bacaran Müzəffər Ali Baş Komandan Qarabağı azad etmək çağırışı verdi. “Dəmir yumruq” altında birləşən xalqa və orduya torpaqlarımızı mənfur düşmən tapdağından azad etmək üçün 44 gün vaxt lazım oldu. O 44 gün ki, dünyanın bütün dövlətlərini, güclü ordularını belə heyrətə gətirdi.

Bu fikirləri açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva söyləyib. O qeyd edib ki, xalq–dövlət birliyi, hərbi qüdrət və siyasi gedişlərin təntənəsi dünyanın hərb tarixinə görünməmiş bir səhifə yazdı. “Ya Qarabağ, ya ölüm” deyib ayağa qalxan, silaha sarılan minlərlə igid öz qanı ilə düşmənin murdarladığı vətən torpağını pak etdi. Zəfərə aparan yolun yolçuları igid oğullarımızla bərabər, həm də xalq oldu. Hər an döyüşən, ordunun arxasında duran, kömək əlini uzadan, şəhid oğullarını “Vətən sağ olsun” deyib üçrəngli bayraq altında məzara qoyan və bundan qürur duyan xalqın bir yolu vardır - Zəfər bayrağını qaldırmaq! O bayrağı qaldırmaq zamanı çatdıqda düşmənin daha da qəddarlaşması, xarici havadarların yalançı çağrışlarına inanaraq azğınlaşmasına baxmayaraq, az vaxt ərzində Qələbəyə doğru irəliləyən ordumuz Zəfər bayrağını Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və düşmənə göz dağı olan Şuşada dalğalandırdı.

“Bəli, biz Zəfər çaldıq! Bu Zəfər Azərbaycanın müstəqilliyinin, suverenliyinin bərpası, gücünün, qüdrətinin rəmzi oldu. Bu gün mədəniyyətimizin paytaxtı olan Şuşanın qapıları dünyanın mötəbər təşkilatlarının, qurumlarının, ölkə başçılarının, elm və mədəniyyət xadimlərinin üzünə açıqdır. Mədəniyyət, sənət beşiyi Şuşa indi müxtəlif tədbirlərə ev sahibliyi edir. Şuşada olmaq, bu yerin müqəddəsliyini, qeyri-adi aurasını hiss etmək, onun gözəlliyini görmək, mədəni-tarixi yaddaşla zəngin olan küçələrini gəzmək bizim də nəsibimiz oldu”, - deyə şöbə müdiri əlavə edib.

Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın həyatında dərin izlər buraxdığını, həm də yeni mərhələnin, eranın, intibahın başlanğıcı olduğunu vurğulayan alim bildirib ki, ölkə başçısının apardığı danışıqlar, atdığı qətiyyətli addımlar, səsləndirdiyi bəyanatlar nəticəsində Kəlbəcər, Laçın rayonları savaşsız və siyasi gedişatlarla azad edildi. İllər boyu ATƏT-in Minsk qrupu adı altında oyunbazlıq edən qurumun fəaliyyəti dayandırıldı, həmçinin bölgənin taleyi ilə bağlı məsuliyyəti Rusiya öz üzərinə götürdü. İlk baxışda məqbul sayılmasa da, müəyyən zaman çərçivəsində Azərbaycan diplomatik addım ataraq rus sülhməramlılarını bölgədə saxladı. Ölkəmizin humanizminə, siyasətinə, ordu quruculuğuna, hərbi potensialına, iradə və təmkininə heyran qalındığı bir zamanda məğlub dövlətin vəhşiliyi, azad olunmuş ərazilərdə minaların yerləşdirilməsi, yalançı bəyanatlar bütün dünyaya bəyan oldu.

“ABŞ və Qərb dövlətlərinin verdikləri bəyanatlar, tutduqları ziddiyyətli mövqe fikirləri çaşdırır, hadisələrin gedişində qərəzli, qeyri-adekvat yanaşmanı ortaya çıxarırdı. 30 illik işğal dövründə olduğu kimi qələbədən sonrakı zamanda da vəziyyətin qeyri-müəyyən qalmasında ermənipərəst qüvvələr çox böyük səylər göstərir, Azərbaycanın atdığı hər bir doğru addımın mahiyyətinə varmadan təzyiq göstərirdilər. Bu təzyiqlər təkcə qazanılmış qələbəyə kölgə salmağa yönəlməmişdi, bütövlükdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı da təzyiqləri, qarayaxmaları işə salır, təkcə öz adlarından deyil, BMT, Avropa parlamenti, Avropa Şurası kimi güclü təşkilatların potensialından istifadə etməyə çalışırdılar. Bütün bunlar Prezident İlham Əliyevi yeritdiyi siyasətdən, həyata keçirdiyi planlardan əl çəkməyə məcbur etmək üçün yönəlmişdi. Öz işinin bilicisi olan, “nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” qətiyyəti İlham Əliyevi bütün təzyiqlərə baxmayaraq, ölkənin suverenliyi və ərazi bütövlüyünün tam bərpası yolunda fəaliyyətini davam etdirir, bu yolda bütün bacarığı ilə mübarizə aparır, yarımçıq qələbə ilə işləri tam bitmiş hesab etməyərək yeni-yeni qalibiyyətlərə doğru inamla və inandıraraq addımlayırdı. Ümummilli Lider Heydər Əliyevdən götürülmüş liderlik xüsusiyyətləri və keyfiyyətlərinin daşıyıcısı olan İlham Əliyev çox böyük tarixi əhəmiyyət kəsb edən mühüm bir prosesi reallaşdırdı. Bu reallaşdırma 2023-cü ilin 20 sentyabr tarixində baş tutdu”, - deyə o bildirib. 

Alim onu da qeyd edib ki, möhtəşəm Qələbədən sonra Qarabağ ərazisində yaşamağa davam edən erməni əhalisi sakit yaşamaq, həyatlarına davam etmək əvəzinə separatçı qruplara dəstək olur, onların xəyanətkar, fitnəkar oyunlarına rəvac verirdilər. Özləri üçün vəzifələr icad etmiş araiklərin, vardanyanların göstərişi ilə yeni terror qrupları yaradılır, müxtəlif yollarla Ermənistandan gətirilmiş silahları yerbəyer edir, daha da azğınlaşırdılar. Ağdərə, Xocalı, Əsgəran və nəhayət, Xankəndi kimi iri yaşayış məntəqələri düşmənin silah-sursat anbarına çevrilir, ərazilər minalanırdı. Nəhayət, bu terrorçu qüvvələrin sonu çatdı. 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq antiterror tədbirləri nəticəsində düşmənin planları alt-üst oldu. Bu iyrənc əməllərin sahibləri Xankəndidəki “iqamətgahlarını” tərk edib qaçmağa çalışsalar da, arzusunda və həvəsində olduqları Bakıya qollu qandallı gətirildilər.

“Dövlət o zaman güclü olur ki, onun səriştəli dövlət başçısı, bir yumruq ətrafında birləşən yenilməz xalqı olur. Bizi Zəfər yoluna aparan müqəddəs yol ağır, məşəqqətli tarixi yol olsa da, bu gün hər birimizin qürur duyduğumuz, fəxarət hissi ilə öyündüyümüz, yaşadığımız tarix mif deyil, həqiqətdir, real gerçəklikdir”, - deyə G.Qarayeva fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: