Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

13.11.2023 09:05
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyi Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Hüseyn Cavidin Ev Muzeyi Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Muzey sərgiyə 100-ə yaxın kitabla qatılıb. Muzeyin stendində Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və romantik dramların banisi, böyük şair Hüseyn Cavidin latın əlifbası ilə kitab şəklində çap olunmuş, dünyanın müxtəlif dillərinə tərcümə edilmiş əsərləri, Azərbaycan və ingilis dillərində tərtib edilərək çap edilmiş “Cavid hikməti: seçmə aforizmlər” kitabları, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının Ulu Öndərin 100 illiyi münasibətilə çap etdirdiyi “Ümummilli lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi”, daha öncəki illərdə işıq üzü görmüş “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”, “Heydər Əliyev və Hüseyn Cavid” və s. adlı monoqrafiyaları təqdim olunur.

Həmçinin ədibin ev muzeyi tərəfindən nəşrə təqdim edilmiş görkəmli teatrşünas, muzeyşünas və mətnşünas Turan Cavidin 100 illik yubileyi münasibətilə Turan xanım haqqında xatirələrdən ibarət “Cavidin Turanı”, Mişkinaz Cavidin Hüseyn Cavid haqqında yazdığı “Cavidi xatırlarkən” (latın əlifbası ilə yeni nəşri), 32 cildi oxuculara təqdim edilmiş “Cavidşünaslıq: araşdırmalar toplusu”, 13 cilddən ibarət “Azərbaycan qeyri-maddi mədəniyət abidələri və Ərtoğrol Cavid” (Ərtoğrol Cavidin topladığı folklor materialları əsasında), “Turan Cavid: Ömür salnaməsi. kitab-albom”, şairin 140 illiyi münasibətilə tərtib olunmuş “Hüseyn Cavid: biblioqrafik göstərici” və s. kitablar sərgilənməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: