Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

08.05.2025 09:58
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri Nizami Muzeyində olublar

Bakı Dövlət Universitetinin tələbələri Nizami Muzeyində olublar

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Onlar qədim və müasir Azərbaycan ədəbiyyatının sərgiləndiyi ekspozisiya zallarını gəzərək ədəbiyyatımızın keçdiyi tarixi inkişaf yolu ilə yaxından tanış olublar.

Şərqşünaslıq fakültəsinin Yaxın və Orta Şərq dilləri kafedrasının fars dili üzrə tərcümə bölməsində təhsil alan tələbələr Azərbaycan şairlərinin farsdilli yaradıcılığına xüsusi maraq göstəriblər. Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi kimi məşhur şairlərin farsdilli bədii irsi şərqşünas tələbələrin diqqət mərkəzində olub.

Tələbələri ekspozisiya ilə muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq tanış edib.

Ekskursiyadan sonra tələbələr muzeyin direktoru, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynovla görüşüblər. Görüş zamanı akademik Rafael Hüseynov onlara muzeyin yaranma tarixi, “İstiqlal” zalı haqqında ətraflı məlumat verib, bu il muzeyin fəaliyyətə başlamasının 80-ci ildönümünün qeyd edildiyini vurğulayıb.

Görüşdən sonra akademik Rafael Hüseynov tələbələrə muzeyin nəşrlərini, müəllifi olduğu “Şirvan şailrəri” kitabını və muzeyin yaradılmasının 80 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” adlı beynəlxalq elmi konfransın materiallarını hədiyyə edib.

Sonda tələbələrlə xatirə fotoşəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: