Rəyasət Heyətinin iclasında AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi tarixinin müəyyən edilməsi haqqında da müzakirələr aparılıb.
Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, son dövrlər bir tərəfdən müasir dünyanın elmi çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənərək Azərbaycan Milli Elmlər Akademiyasında çoxşaxəli islahatlar həyata keçirilməkdədir.
AMEA rəhbəri qeyd edib ki, bu islahatlar beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin milli-ideoloji əsaslar üzərində yenidən qurulması, elmi kadr potensialından daha səmərəli istifadə edilməsi, elmin, dövlətin sosial-iqtisadi, mədəni, xüsusən də ideoloji siyasətinin həyata keçirilməsində daha yaxından iştirakının təmin edilməsi, elmin normativ-hüquqi bazasının yeni elmi idarəetmə mexanizmlərinə uyğunlaşdırılması, elmin populyarlaşdırılması və təbliğinin yeni innovativ meyarlar əsasında təşkil edilməsi, elektron elmin inkişafı, elmi qurumların strukturunun optimallaşdırılması və s. istiqamətləri əhatə edir.
“Qeyd olunan istiqamətlərdə islahatların həyata keçirilməsi üçün son vaxtlar AMEA-nın əsas kollegial icra orqanı olan Rəyasət Heyətində bir çox məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Lakin AMEA-nın Nizamnaməsinə əsasən, bir sıra məsələlərə, xüsusən struktur dəyişikliyinə aid müvafiq qərarları qəbul etmək və dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququ AMEA-nın Ümumi yığıncağının səlahiyyətinə aiddir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb və AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi zərurətinin yarandığını söyləyib.
Qeyd edilənləri nəzərə alaraq, AMEA-nın növbəti Ümumi yığıncağının 29 noyabr 2023-cü il tarixində keçirilməsi qərara alınıb və yığıncağın gündəliyi təsdiqlənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.