İkinci məqalə
Qədim əcdadlarımızın yaratmış olduğu və xalqımızın zaman-zaman qoruyub yaşatdığı milli - mənəvi mirasımıza yüksək qiymət verən Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin “Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası”da mövzusunu əsaslandıran bir mühüm sahə də dini əqidə, İslam əxlaqı və mədəniyyəti hadisəsidir.
Xalqlar, millətlər tarixi və taleyində Din də Dil qədər mühüm amil, zəruri bir məsələdir. Demokratik ruhlu insanlar xalqların milli hissi olan bu amilə bağlı olur, əsl milli liderlər isə onu daim diqqət mərkəzində saxlayırlar. Bunun üçün əlbəttə ki, fərdin etno-psixoloji indentik keyfiyyətləri, o cümlədən “ziyalı mən” cəhəti əsas təşkil edir.
Yüksək ziyalılığa, ali mənəvi hisslərə malik milli lider Heydər Əliyevin müqəddəs dinimizə bağlı ailədə dünyaya gəlməsi, İslam dini dəyərləri ruhunda tərbiyə alması heç şübhəsiz onun gələcək həyat-tale yollarına, təsirsiz qalmamış, Ulu Öndər ömrünün sonuna kimi mənsub olduğu dinə dərin ehtiramlı mövqedə olmuş, siyasi hakimiyyəti illərində onu ciddi şəkildə hifz edib, qoruyub, inkişaf etdirmişdir.
Bu baxımdan Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibətdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbstanı Krallığı arasında əlaqələr də tarixyüklü olub, böyük əhəmiyyət kəsb edir. Əvvəla qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı da Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və ələqələrin əsasını Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin uzaqgörən müdrik siyasəti təşkil edir.
1991-ci il dekabrın 30-da dünyanın 12-ci zəngin dövləti olan Səudiyyə Ərəbistanı Krallığı - Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah Azərbaycan Respublikasının Milli Dövlət Müstəqilliyini tanımışdır. Sözsüzdür ki, ərazisinə, demoqrafik üstünlüklərinə və eləcə də iqtisadiyyatına görə bütün dünyada zəngin, məşhur və nüfuzlu SƏK-in bu addımı sadə məsələ deyildi. SƏK-in bu qərarı yeni qurulan, həm də müsəlman ölkəsinə hərtərəfli maddi dəstəyi şərtləndrirdi. Əlbəttə bu məqsədlər üçün ilk növbədə diplomatik əlaqələrin yaranması vacib idi və “söz vaxtına çəkər”, bu əsas məsələ - Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələr 30 il bundan əvvəl, konkret olaraq 24 fevral 1992-ci ildə yarandı.
Lakin ölkələrimiz və xalqlarımızın Müqəddəs İslam dini və qədim ədəbi-mədəni - mənəvi əlaqələrindən güc alan, dinamik inkişaf mahiyyətində qarşılıqlı münasibətlər tarixi Azərbaycan dövlət quruculuğunun mühüm mərhələsindən - Heydər Əliyevin hakimiyyətə gəlişinin ikinci dövründən başlayır. Belə ki, Heydər Əliyevin rasional Lider qərarı ilə 1994-cu ilin aprel ayında Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələr üzrə Baş Saziş imzalanmışdır. Bundan sonra Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Səudiyyə Krallığının Azərbaycana inamının ifadəsi olan ölkəmizin müstəqilliyini ilk dövlətlər sırasında tanımasına və habelə Səudiyyə məliki Fəhd ibn Əbdül Əziz-əl Saudun dəvətinə müsbət cavab olaraq ilk səfərini məhz Səudiyyə Ərəbstanı Krallığına etmişdir.
Haşiyə çıxaraq göstərməliyik ki, 1921 və ya 1923-cü ildə dünyaya gəlmiş فهد lf الويز ول ول و - Fəhd ibn Əbdül Əziz-əl Saud dövrünün Dini mədrəsə təhsilindən başqa dünyəvi təhsil sistemində də yetişmiş, dolğun biliklərə sahib olmuşdur. Kral Fahd kral Əbdül Əziz-əl Saud nəslinin nümayəndəsi idi və 1982-ci ildə Səudiyyə kral taxtına çıxana kimi 30 illik idarəçilik təcrübəsinə sahiblənmişdi. Məsələn o, - Kral Fahd 30 yaşında ikən (1953-cü ildə) ögey qardaşı tərəfindən Səudiyyə krallığında ilk dəfə olaraq təsis edilən təhsil naziri vəzifəsinə təyin edilmiş, bu sahədə 10 il çalışdıqdan sonra (1962-ci ildə) Daxili İşlər Naziri, bundan 5 il sonra əvvəl Baş nazirin ikinci müavini, 8 il sonra isə (Kral Faysalın öldürülmündən sonra) vəliəhd şahzadə və baş nazirin birinci müavini vəzifələrinə irəli çəkilmişdir. Kral Fahd 1975-ci il aprelin 3-də isə ögey qardaşı Kral Xalidin ağır xəstəliyi ilə əlaqədar ölkənin daxili və xarici siyasət sahəsində hakim mövqeyə sahiblənmişdir. Kral Fahd Səadiyyə kralı kimi fəaliyyətə başlarkən ölkəsinin iqtisadiyyatını gücləndirməyi qarşısına məqsəd qoymuş, eyni zamanda Konstitutsiya sistemini yaradıb formalaşdırmışdır. Mənbələrdə Kral Fahd ibn Əbdül Əziz-əl Saudun Səudiyyə Konstitutsiyasını yaratması mühüm tarixi hadisə kimi qiymətləndirilir və göstərilir ki, o bununla tarixdə öz yerini əbədiləşdirmişdir.
Kral Fahd ibn Əbdül Əziz-əl Saud 1992-ci ildə ölkənin qabaqcıl alimlərinin iştirakını nəzərdə tutan qanunlar qəbul etməklə siyasi idarə etmə strategiasında “elm və ya xüsusi bilik tələb edən digər peşə sahibləri”-nə, o cümlədən “Əyalət İdarəsi haqqında Qanunda” cəmi on üzvdən birinin alim olması şərtinə üstünlük vermi.dir.
Fəhd ibn Əbdül Əziz-əl Saud xarakterizə edən əsas fenomen cəhətlərdən biri onun ənənəvi kral titulu olan “Əlahəzrət” müraciətindən imtina edərək Ərəb xilafətinin, Misir Məmlüklər dövlətinin və Osmanlı İmperatorluğunun hökmdarları kimi “İki Müqəddəs Məscidin Şərifi” titulunu qəbul etməsidir. “İki Müqəddəs Məscidin Şərifi” ifadəsi Məkkədə əl-Həramın və Mədinədə Peyğəmbər məscidinin müqəddəs məscidlərini əks etdirir və o bu titulu 1995-ci il noyabrın 29-da geniş insult keçirdikdən sonra kral səlahiyyətlərini o ögey qardaşı Şahzadə Abdullaha təhvil verənə qədər, həmçinin 2005-ci il, avqustun 1-də vəfat edənə kimi şərəflə daşımışdır.
Bu haşiyədən sonra qeyd etmək yerinə düşər ki, ərəb dünyasında intellektual hakimiyyətin parlaq ulduzu kimi seçilən Kral Fəhdlə dünyaşöhrətli Heydər Əliyevi Birləşdirən önəmli əsaslar vardır. Bunlar hər iki güclü Liderin dövlət quruculuğu, idarəetmə siyasətində Qanunların gücünə arxalanmaları və Milli Dövlət Konstitutsiyalarını yaratmaları, ölkə iqtisadiyyatını gücləndirmək məqsədləri, dinə ehtiramlı münasibətləri, azadlığa, müstəqilliyə gedən yolda bütün maneələri keçməyə qadir iradəyə, cəsarətə malik siyasi xarakter oxşarlıqları, habelə eyni yaşda olmaları (kralın da doğum tarixində 1921-ci il və 1923-cü il qərarlaşır) kimi siyasi bioqrafik. mənəvi göstəriciləri ilə təsdiqlənir.
Burada məqamı olduğu üçün bir fikir ştrixini diqqətə çatdırmaq istərdik. Bu Kral Fəhdin 13 iyun 1982-ci ildən (qardaşının vəfatı ilə əlaqədar onu taxtda əvəzlədikdən) sonra ölkəsinin SSRİ ilə əlaqələri bərpa etməsi ilə bağlıdır ki, ehtimal ki, elə o vaxtlar Heydər Əliyevlə onun tanışlığı, dostluğu başlamışdır. Ona da aydınlıq gətirmək yerinə düşər ki, SSRİ və Səudiyyə Krallığının qarşılıqlı münasibətləri 1926-cı ildən 1938-ci ilə qədər davam etmiş və bir də 1991-ci ildə böhran vəziyyəti aradan qaldırılmışdır. Bu da əsasən SSRİ siyasi sisteminin dağıdılmasından sonra baş tutmuşdur. Ancaq Kral Fəhdin hakimiyyətə gəldiyi 1982-ci ildə Səudiyyə Krallığı SSRİ ilə Böyük Britaniya hökumətinin vasitəçiliyi ilə aktual beynəlxalq və regional problemlər, o cümlədən ərəb-İsrail münasibətlərinin nizamlanması üzrə əlaqələr yaratmışdır. Bu vaxtlar isə Heydər Əliyev Sov. İKP MK-nin Siyasi Büronun üzvü idi və 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Fikrimizcə, Heydər Əliyevin bu yüksək vəzifədə SSRİ-nin iqtisadi, sosial və mədəni və s. mühüm sahələrinin idarəetməsinə rəhbərlik edərkən Səudiyyə Krallığının maraqlarının cəmləndiyi məsələlərə də öz diqqətli münasibətini əsirgəməmişdir. Düşünmək olar ki, 1994-cü ildə kral vəzifəsində olan Fəhd ibn Əbdül Əziz-əl Saud Heydər Əlievi çoxdan tanıdığıı, lider səriştəsinə bələd olduğu üçün öz ölkəsinə dəvət etmiş və Azərbaycanın keçid dövründə ona arxa-dayaq olmuşdur.
Digər bir məsələ, Azərbaycan kimi Səudiyyə Ərəbistanı da öz milli dövlət müstəqilliyinin iri miqyaslı dövlət quruculuğu işlərinə 1993-1994-cü illərdən start vermişdir. Konkret olaraq Səudiyyə Ərəbistanının yeni mərhələdə Müqəddəs Quran - İslam qanunvericiliyinə (şəriət) əsaslanan dövlət quruculuğu və müasir idarəetmə strategiyasının sistemləşdirilməsi strateji işini 1992-ci ildə həyata keçirilmişdir. Qeyd edək ki, Səudiyyə Krallığının Ali qanunvericilik Aktlarına görə Müqəddəs Quran Krallığın əsas Qanun Kodeksidir.
Beləliklə, 1990-cı illlərin əvvəllərindən müstəqilliyini yeni bərpa etmiş iki dövlət - Azərbaycan Respublikası və Səudiyyə Krallığının iki yüksək siyasi peşəkarlığa malik, həmçinin eyni yaşlı siyasi lideri - Heydər Əliyev ilə Kral Fəhd ibn Əbdül Əziz-əl Saudun ikitərəfli görüşləri ümumi dövlətçilik maraqlarına söykənməklə gələcək inkişafla bağlı yekdil prinsipləri ehtiva edirdi. 1994-cü il 9-13 iyul tarixində baş tutmuş bu mühüm əhəmiyyət kəsb edən tarixi görüşün nəticəsidir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətlərini bütün sahələr üzrə intensiv şəkildə davam etdirir, dinamik inkişafa nail olurlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin hələ 13 iyul 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşməzdən əvvəl Binə Hava limanında (indiki Heydər Əliyev adına Hava limanında) müxbirin sualını cavablandırarkən dediyi fikirlər bir daha təsdiqləyir: "... İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm...” (Azərbaycan - Səudiyyə Ərəbstanı münasibətləri. https://lib.aliyev-heritage.org/az/7892915.html).
Onu da qeyd edək ki, hələ 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfər edərkən “İki Müqəddəs Məscidin Şərifi” titulunun sahibi Kral Fəhd və bir çox nüfuzlu rəsmi səxslərlə görüşmüş, ölkələr arası əlaqələrin güclənməsinə faydalı olan sahələr, məsələn, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, gənclər və idman üzrə əməkdaslıq perespektivləri müəyyənləşdirilmişdir.
Heç də təsadüfi deyil ki, əsası 1932-ci ildə qoyulmuş Səudiyyə Ərəbstanı dövlətinin hələ çox yaşlı və müəyyən sağlamlıq problemləri olan atası Səudiyyə kralı Salman ibn Əbdul Əziz əl Sauda dəstəy olmuş bu günki kral vəliəhdi - şahzadə Məhəmməd ibn Salman hakimiyyətdə olduğu illərdə də Azərbaycanla olan bu qədim və müasir tarixi əlaqələr qorunub inkişaf etdirilmişdir.
Azərbaycan və Səudiyyə Krallığının qarşılıqlı münasibətlərini təsdiq edən Parlamentlərarası əlaqələr, müxtəlif sahələr üzrə işçi qruplarının ölkələrə səfərləri, imzalanan sazişlər, qəbul edilən qərarlar təsdiq edir. Əslində Azərbaycan Respublikası və Səudiyyə Krallığı dövlətləri və xalqları arasındakı bu dostluq, əməkdaşlıq münasibətləri bir əsaslı bünövrəyə, ideya birliyinə, siyasi həmrəyliyə çevrilmişdir.
Bu da maraqlı bir faktdır ki, həmin çıxışında müsəlman dini birliyimizi önə çəkən, hətta “Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi” (Azərbaycan - Səudiyyə Ərəbistanı münasibətləri. Azərbaycan" qəzeti, 8 iyun 2003-cü il. https://lib.aliyev-heritage. org/az 6413786.html), - fikrini qabardan dahi Lider Heydər Əliyev 1994-cü ilin 9-14 iyul tarixində Səudiyyə Ərəbstanına səfəri çərçivəsində çox məşğul olmasna baxmayaraq Müqəddəs Məkkə şəhərinə getmiş, Ümrə ziyarəti etmişdir.
Şübhəsiz, 1994-cü ildə Məkkəyə səfəri Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə çox təsir etdiyindəndir ki, o görkəmli bəstəkar Arif Məlikovun bu müqəddəs şəhər, Kəbə-Həcc, Ümrə ziyarətləri, ümumiyyətlə, Məhəmməd peyğəmbər (ə.s.) həyatı mövzusunda musiqi əsəri yazmasını istəmişdir.
Dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun “Əbədiyyət” simfoniyasının yaranması bu dediklərimizə əyani misaldır.
Beləki, “Əbədiyyət” simfoniyası Ulu Öndər Heydər Əliyevin Məkkə, Kəbə ilə bağlı ülvi hisslərinin əbədilik qazanmış ən gözəl tablosudur.
Xarakterik digər bir tarixi fakt. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müsəlman dini inancına sahib və sadiqliyini 20 mart 1999-cu il tarixində Səudiyyə Ərəbistanın kralı, iki müqəddəs məscidin şərifi Fədh ibn Əbdül Əzizin dəvəti ilə Həcc ziyarətinə gedən zəvvarlarla görüşündə söyləmiş olduğu nitqdə öz müdik düşüncələrini bu cümlələrlə ifadə emişdir: “Mən sizin hamınıza yaxşı yol arzulayıram. Əvvəlcədən arzulayıram ki, Həcc ziyarətinizi Allah qəbul etsin və siz sağ-salamat vətənimizə qayıdasınız. Bir daha, sizinlə bu bayram axşamı, bu əziz, müqəddəs gündə görüşdüyümə görə çox sevinirəm. Çünki belə gündə hər bir görüş insan üçün xüsusi əhəmiyyətlidir. Mən sizinlə görüşürəm, yəni Allah yolunda Həccə gedən adamlarla görüşürəm. Məndən Məkkəyə, Mədinəyə, Kəbəyə salam çatdırın və Azərbaycan xalqının islam dininin bütün yüksək mənəvi dəyərlərinə nə qədər sadiq olduğunu öz hissiyyatlarınızla oraya çatdırın. Sizə yaxşı yol! Bir daha bayramınızı təbrik edirəm. Hamınıza cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun” (Azərbaycan - Səudiyyə Ərəbstanı münasibətləri. https://lib.aliyev-heritage.org/az/7892915.html https://lib.aliyev-heritage.org/az / 8325749.html).
Qeyd edək ki, Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Krallığına səfərindən sonra Səudiyyə Ərəbistanı Krallığı, şəxsən kral Fədh ibn Ədül Əziz Əl Səud Azərbaycandan hər il 250 nəfərin Həcc getməsini həyata keçirmişdir. Heydər Əliyevin aşağıdakı iqtibasda yer alan fikirlərində bu gerçəklik öz dolğun əksini tapmışdır: “Hər birinizin Məkkəni, Mədinəni, Kəbəni ziyarət etmək istəyiniz, arzunuz özlüyündə sizin daxili mənəviyyatınızı nümayiş etdirir, o müqəddəs yerləri ziyarət etmək istəyən hər bir şəxs yüksək mənəviyyat yoluna düşməlidir və ümidvaram ki, siz məhz bunu dərk edərək Məkkə, Mədinə, Kəbə ziyarətinə getmək üçün can atmısınız və bu istəyiniz, arzunuz da artıq yerinə yetirilir. Siz yol üstəsiniz, gedirsiniz. Siz də, biz də - hamımız Səudiyyə Ərəbistanının kralı, iki müqəddəs ocağın xadimi, bizim dostumuz və qardaşımıza Azərbaycana göstərdiyi bu qayğıya, diqqətə görə təşəkkür edirik. Bu, artıq ənənəyə çevrilibdir. Hər il Həcc ziyarəti zamanı Azərbaycana belə qayğı göstərilir və Səudiyyə Ərəbistanı kralının qonağı kimi 250 nəfər Həcc ziyarətinə gedir. Həcc ziyarətinin özü insan üçün böyük nemətdir. Ancaq bu ziyarəti iki müqəddəs ocağın xadiminin qayğısı altında, onun himayəsi altında həyata keçirmək buna daha da xüsusi əhəmiyyət verir” (Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətləri.https://lib.aliyev-heritage.org/az/7892915.htmlhttps://lib.aliyev-heritage. org / az /8325749.html).
Bu baxımdan AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyevin Ümummilli Lider Heydər Əliyevlə bərabər iştirak etdiyi müqəddəs Həcc ziyarəti zamanı rəhbərin dinimizə bağlılığını ifadə edən müşahidələrini nəzərdən keçirmək maraqlı olar: “...müqəddəs Mədinə şəhərindəki peyğəmbər məscidində bizimlə birlikdə diz çöküb, namaz qılan H.Əliyev əslində mənsub olduğu xalq haqqında təsəvvürü obyektiv surətdə xeyli təravətləndirmiş oldu. Bu hərəkətilə O, beynəlxalq aləmdə, xüsusən öz din qardaşlarımız qarşısında sübut etdi ki, keçmiş Sovet İttifaqının ucqar respublikalarından biri olan Azərbaycan Kommunist ideologiyasının bütün ciddi - maddi-mənəvi, fiziki, siyasi, inzibati təqib və təzyiqlərinə baxmayaraq xalqın öz dininə olan inamını ürəklərdən, beyinlərdən qazıyıb çıxara bilməmişdir” (Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Bakı, Elm-1998. 240 s.).
Əlbəttə, Heydər Əliyevin dini ibadəti təkcə bir möminin ibadətindən artıq, kommunist ideologiyasının yüksək vəzifəli rəhbər işçisinin mənsub olduğu milli-mənəvi dəyərlərə, İslam dini inancına bağlılığı mövqeyindən qiymətləndirilməlidir. Çünki, xalqların ateizm tərbiyəsi ilə buxovlandığı 70 illik tarixi mərhələdə siyasi hakimiyyət nümayəndələri belə dini inam hissini özlərindən belə gizlətməyə çalışırdılar. Heydər Əliyev isə bu sərt ateist sistem daxilində olsa da dövrün bütün mənəvi-psixoloji maneələrini xarizmatik xüsusiyyətləri ilə aşıb keçir, İslam dəyərlərinə sadiqliyini qoruyub saxlayırrdı.
Bu baxımdan Heydər Əliyevin Azərbaycanda keçirilmiş İslam dini mövzusunda beynəlxalq konfransında və Qafqaz müsəlmanlarının qurultayında nitqləri bu yaddaş arxivlərini təzələyən materiallar sırasında xüsusi əhəmiyyət kəsb edir. Milli lider bu nitqlərində İslam tarixi, onun inkişafı və digər aktuallıq kəsb edən dini məsələlərdən bəhs edərkən dünyagörüşü amilində dinin təsirini, xüsusilə, İslam dini mədəniyyətinin bəşərin mühüm dəyər amili mahiyyətini, insanların mənəvi kamilliyində onun misilsiz əhəmiyyətini əsl filosof kimi təhlil edib, qiymətləndirir, eyni zamanda öz xatirələrini xalqı ilə bölüşürdü. Məsələn, Ulu Öndər həmin nitqlərindən birində deyirdi: ”məlumdur ki, biz 70 il kommunist ideologiyası təsiri altında tərbiyələnərək dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan olunması və dinin təhrif edilməsi olmuşdur. Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, din, o cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər qüdrətə malikdir ki,o qədər gücə malikdir ki,heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi” (Heydər Əliyev Dinimiz xalqımızın mənəvi sərvətidir. B.,1995.səh.10).
Heydər Əliyevin bu nitqində də söylədiyi fikirlər dərin məzmunu, milli ruhu, eyni zamanda elmi əhəmiyyəti ilə yadda qalır. Həmçinin də Heydər Əliyev bu nitqində bir siyasi lider olaraq dini dünyanın qlobal problemlərinin həlli üçün vasitə hesab edir, demokratik inkişafda dinin imkanlarına əsaslanılmasının vacib şərt kimi irəli sürür. Məsələn, ”...Din, xüsusən İslam dini çoxəsrlik tarixi boyu özündə elə xüsusiyyətlər formalaşdırmışdır ki, bizim üçün müqəddəs olan Qurani-Kərim, Həzrəti Məhəmmədi Peyğəmbərin müsəlmanlara göstərdiyi yol və verdiyi tövsiyyələr insanların daxili mənəviyyatına o qədər uyğun olmuşdur ki, insanlar üçün o qədər faydalı olmuşdur və insanların həyatında o qədər müsbət rol oynamışdır, insanları o qədər səadətə çatdırmışdır ki, bu adət-ənənələr, bu dini qanun-qaydalar nəsildən-nəslə yaşamış və heç bir məhdudiyyət bunun qarşısını ala bilməmişdir” (Heydər Əliyev Dinimiz xalqımızın mənəvi sərvətidir. B.,1995.səh.10).
Bu cür yüksək mənəvi hisslərə malik Heydər Əliyevin öz dininə, öz ana dilinə bağlılığı və bu ülvi hisslər, müqəddəs duyğular, elmi baxımdan vətəndaşlıq-mənəviyyat məsələsi şüurlu olaraq onun idarəçilik siyasətinə də təsir edir, dövlət quruculuğu sahəsində özünü əməli surətdə təsdiqləmiş olurdu.
Təsadüfi deyil ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi qısa bir müddətdə (6 il ərzində) ölkədə məscidlərin sayı 18-dən 1000-ə çatmış, respublikada “Dini Qurumlarla İş Komitəsi” yaradılmış, islam təhsil məktəbləri şəbəkəsi xeyli genişlənmişdir. Ulu Öndər Respublikamızda, həmçinin xarici ölkələrdə din mövzusunda keçirilən tədbirləri daim diqqətdə saxlayır, dini əsaslar, şəxsiyyət azadlığı, sülh və dialoq amillərini Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasının əsas tərkib hissəsi olaraq dəyərləndirirdi.
Maraqlıdır ki, Hindistan xalqının böyük ruh, quru, ata kəlmələri ilə uca tutduğu Mahatma Qandi kimi Ulu Öndər Heydər Əliyevin də islam tarixinin Aşura-İmam Hüseyn hadisəsinə münasibəti arasında müəyyən oxşarlıqlar vardır. Qeyd edək ki, M.Qandi İmam Hüseyn hadisəsini, xüsusilə də bu qanlı islam səhifəsindən sonrakı İslam insanlarının həyatını bütün Hind dünyagörüşü üçün bir fəlsəfə kimi dəyərləndirmişdir. Bir tədqiqatda qeyd olunduğu kimi Qandi mübarizəsinin təməlini Aşura məktəbindən götürdüyünü bildirmişdir. O, çıxışlarının birində demişdir: “Mən İslamın ən böyük şəhidinin - İmam Hüseynin (ə) həyatını diqqətlə oxumuşam və Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb, onun yolu ilə getsin”. Bundan başqa, “Müsəlmanlar ən çətin günlərində belə məyus olmamışdılar. İslamiyyət dünyanı Yaradana və onun əsərinə heyran olmağı əmr edir. Qərb qorxunc bir qaranlıq içində ikən, Şərqdə parlayan gözqamaşdırıcı İslam ulduzu əzab çəkən dünyaya işıq, sülh və rahatlıq vermişdi”,- deyirdi Qandi”. Ulu öndər Heydər Əliyev də İslam ənənələrini yüksək qiymətləndirir, İmam Hüseyn hadisəsini qəhrəmanlıq kimi dəyərləndirirdi. Beləcə, rəhbərin islam və İmam Hüseyn hadisəsi - Aşura ilə bağlı düşüncələri də onu bu dünya dahisi və lideri ilə ideya davamçısı kimi də təsdiq edir.
Heydər Əliyevin bu baxımdan 1994-cü ildə Aşura günü etdiyi çıxış xarakterikdir: “Əziz bacılar və qardaşlar, əziz müsəlmanlar! Müsəlman aləmində faciəli, müqəddəs bir günün əziz xatirəsi qeyd olunur. Bu gün Həzrət Məhəmməd peyğəmbərin nəvəsi həzrət İmam Hüseynin qətlə yetirildiyi gündür. Biz ulu babalarımızın Vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik. Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm. Bütün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Qurani-Şərifin, Həzrət Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş həzrət İmam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq. İndi Vətənimiz faciəli bir dövr keçirir. Yağı düşmən torpaqlarımıza hücum edir. Azərbaycanın cəsarətli oğulları Vətənimizi müdafiə edir və bu yolda həzrət İmam Hüseyn kimi şəhid olurlar. Biz Vətən, torpaq, din yolunda canından keçmiş bütün şəhidlərin şücaəti qarşısında Kərbəla müsibətilə əlaqədar keçirilən bu mərasimdə bir daha baş əyir, onların xatirəsini qəlbimizdə daim yaşatmağa söz veririk” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Aşura günü nitqi.. http://deyerler.org/113679-heydjr-zhliyev-biz-hjzrjt-mjhjmmjdpeydjmbjrin-qoydudu-yol-ilj-gedjcjk-vj-hjzrjt-dmam-hgseynin-vj-onun-bgtgn silahdaelardndnqjhrjmanldddnd-ejhidliyini-heg-vaxt-unutmayacaddq.html).
Heydər Əliyevin bu düşüncələri xalqının milli-mənəvi dəyərlərini dövlət quruculuğu siyasətində xüsusi diqqət mərkəzində saxlamasının ilk növbədə onun dininə, İslam mənəviyyatına həqiqi inanclı şəxs olmasından irəli gəlirdi. Ulu Öndər yuxarıda da qeyd etdiyimiz kimi müsəlmanların müqəddəs Həcc ziyarətinə də getmiş və Kəbədə hamı ilə bərabər namaz qılmışdı. Onun dinə, şəriətə münasibətinə aid çoxsaylı misallar da vardır və bu məqamda onlardan birini xatırlamaqla bu fikrimizi təsdiqləyə bilərik. Belə ki. Ulu Öndər 1970-ci illərdə bir xarici qonağın gənclərin yaşlılar gəldikdə ayağa qalxmasına təəccüb edib, ondan bu cür yüksək etik mədəniyyətə necə nail olduqlarını soruşarkən “Biz buna nail olmamışıq. Bu bizim xalqımızın mənəvi dəyərləridir”-cavabını vermişdir və çox illər sonra o, bu xatirəsini yada salarkən tam səmimiyyətlə bildirmişdir ki, “Sizinlə açıq danışıram, o vaxt deyə bilmirdim ki, bu islam dininin mənəvi dəyərləridir. Çünki biz hamımız o vaxtlar İslam dinini qadağan edən adamlar idik. Amma bu gün deyirəm ki, bunlar, həqiqətən İslam dininin bəşəriyyətə və İslam aləminə bəxş etdiyi çox yüksək dəyərlərdir”(Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Bakı, Elm-1998. səh. 36. 240 s.).
Doğrudan da Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi Azərbaycan xalqının milli -mənəvi əsasları, milli dəyərlərimiz xalqımızın mənsub olduğu İslam dininin təlqin etdiyi həyat fəlsəfəsi ilə sintez təşkil etmiş və zaman-zaman öz fəlsəfi əxlaq normalarını yaradıb inkişaf etdirmişdir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikası Prezdenti andiçmə mərasimində əlini müqəddəs Qurana basaraq söylədiyi dərin məzmunlu nitqində xalqımızın mühüm milli-mənəvi əsas olan İslam dinini dəyərləndirən fikirlərini burada misal gətirməyi zəruri hesab edirk: ...Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına islam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda islam dini vasitəsilə nəsildən nəsilə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir” (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - (Azərnəşr, Bakı, 1993, I cild, səh.201) http://lib.aliyev-heritage.org/az/66679364.html).
Elmi obyektivliklə göstərməliyik ki, xalqımızın uzun əsrlik milli-mənəvi dəyərlər xəzinəsi bizə dini psixoloji olduğu qədər, əxlaq, mənəviyyat fəlsəfi, həmçinin estetik hisslər kimi də tranformasiya olunmuş və biz varislər olaraq ondan şüurlu və hətta təhtəlşüur formada gündəlik həyatımızda, yaşamımız daxilində geniş surətdə faydalanırıq. Əslində isə bu tərəqqiyə doğru istiqamət götürmüş mədəniyyət yolu bizim milli - mənəvi ideal və ideyamızın ayrılmaz tərkib hissəsidir. Bu yolu gözəlləşdirə bilərik, lakin dağıda bilmərik. Onun dairəsini genişləndirə də bilərik, hətta daralda bilərik, ancaq tamamilə qapada bilmərik. Biz öz mədəniyyət yolumuzdan çıxarıqsa, milli ideya, milli mentalitet anlamını daşıyan milli şüura zidd getmiş olarıq ki, bu da bütövlükdə əxlaq-mənəviyyat baxımından qəbuledilməz bir hadisədir.
Bu düşüncələrimiz Heydər Əliyevin aşağıdakı iqtibasda ifadə olunan - İslam dinini xalqın mənəviyyat hadisəsi və milli ideya kimi əsaslandırdığı fikirləri ilə təsdiqlənir: “İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi tövhələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz islam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına xidmət etmişdir", "Azərbaycan islam mədəniyyətinin, islam milli-mənəvi ənənələrinin ümumbəşəri mənəvi dəyərlə vəhdətindən doğulan bugünkü Azərbaycandır” (Heydər Əliyev Müstəqillik yolu. Bakı,Azərbaycan Universiteti, 1997,136 s.).
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I qurultayında dövlət siyasətini səciyyələndirərkən söylədiyi dərin məzmunlu fikirlər Azərbaycançılıq ideyasının ölkəmizin siyasi idarəçiliyində mühüm mahiyyətini təsdiqləməklə bərabər, həm də gənc, müstəqil Azərbaycan Dövlətinin Siyasi İdarəçiliyində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlərin milli özünüdərk və özünütəsdiqin bariz nümunəsi kimi əhəmiyyətini müəyyən edir.
Eyni zamanda bu fikirlər Ulu öndərin fərdi identiklik hadisəsini dərkini aydın surətdə təsdiqləyir: “Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (Heydər Əliyevin Dünya Azərbaycanlılarının 1-ci qurultayında nitqi https://az.wikisource.org/wiki/D%C3%BCnya Az%C9%99rbaycanl%C4%B1lar nitqi.).
“Heydər Əliyev” kitabında da Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin dini inanc keyfiyyətləri ilə bağlı fikirlər vurğulanmışdır: “O, hamını yalnız xoş əməllərə dəvət edən peyğəmbər xasiyyətli bir şəxsiyyət idi. Heydər Əliyev Quranın, İncilin qadağan edildiyi günlərdə də, sonra da bu cür yaşamışdı. O öz yaxşı əməllərinin, pak niyyətlərinin nəticəsini gördü. Allahın onun qarşısında qoyduğu müqəddəs vəzifəni həyata keçirdiyini bilərək dünyasını dəyişdi” (Heydər Əliyevin Dünya Azərbaycanlılarının 1-ci qurultayında nitqi https://az.wikisource.org/wiki/D%C3%BCn-ya_Az%C9%99rbaycanl%C4%B1lar nitqi.).
Fikrimizcə, akademik Afrand Daşdəmirovun “Millət və cəmiyyət tarixin sərt dönəmində” əsəri Ulu öndər heydər Əliyevin məhz bu müdrik düşüncələr ruhunda yazılmışdır. Belə ki, tanınmış alim milli ideya və etnik mədəniyyət problemini təhlil edərkən belə bir ideya irəli sürür: “... milli ideya etnosun mənlik şüurunun və məqsədyönümünün daha çox ideologiyalaşdırılmış sahəsi, millətin mənəvi, ideya -əxlaqi həyatının spesifik fenomeni, ictimai-siyasi vəziyyətinin etnikləşməsi, yaxud ...etno-mədəni həyatın siyasiləşdirilməsi kimi çıxış edir” (Daşdəmirov A. Millət və cəmiyyət tarixin sərtdönəmində.Bakı,Elm.2008. səh..116..344 s.).
Bu fikirlərin davamında isə akademik milli mədəniyyətin etnik qatları ilə milli ideyanın sintez mahiyyətini əsaslandırır: “Azərbaycan mədəniyyətinin etnik qatları, etnik komponentləri xalqımızın milli neçə minillik şüurunda, mənəvi yaşarılı tarixi özünəməxsusluğunun, yeni mədəni suverenliyinin qorunub saxlanmasında müstəsna rola malikdir” (Daşdəmirov A. Millət və cəmiyyət tarixin sərtdönəmində. Bakı,Elm.2008. səh..116..344 s.)..
Həqiqətən də xalqımızın milli-mənəvi əsaslarından qaynaqlanmış milli ideya hadisəsi sivilizasiyaların davamında yeni mütərəqqi ruhlu insan nəsillərinin yetişməsinə, dövlətin yeritdiyi siyasətin işıqlı düşüncə sahiblərinin qabaqcıl ideyaları ilə möhkəmlənməsinə və onların təkrar dönüş olaraq milli ideyanı qüvvətləndirməsinə səbəb olmuşdur. Adi məişət - davranış-etik normaları təcrübədə, yəni tədricən ictimailəşməklə xalqın ümumi milli ideya mənbəyi əxlaq-mənəviyyat normalarını təşkil etdikcə, ümumbəşəri dəyərlərə transformasiya olunaraq beynəlxalq münasibətlər, beynəlxalq qarşılıqlı əlaqələr, beynəlxalq hüquq və s. kimi sivil siyasi, sosial-mədəni inkişafa gətirib çıxarmışdır.
Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.