Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) başqanı, professor-doktor Hasan Mandalla görüşüb. TÜBİTAK-ın Ankara Mərkəzi ofisində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasındakı əlaqələrin müasir vəziyyətindən və inkişaf perspektivlərindən bəhs edilib.
Görüş zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli TÜBİTAK-ın ULAKBİM – Dərgi Parkı İnstitutu ilə rəhbərlik etdiyi elmi qurum arasında əlaqələrin inkişaf etməkdə olduğunu bildirib, Dərgi Park – ULAKBİM-in başqanı Mehmet Mirat Satoğlunun AMEA-ya səfəri zamanı önəmli müzakirələrin aparıldığını və müvafiq qərarların qəbul edildiyini minnətdarlıqla qeyd edib.
Tərəflər 2024-cü ildə ULAKBİM layihəsindən başqa, daha 5 istiqamət üzrə - süni intellekt, ortaq elmi layihələrin qarşılıqlı surətdə dəstəklənməsi, seysmologiya, arxeologiya, karbon-14 analizlərinin aparılması istiqamətlərində əməkdaşlıq əlaqələrinin qurulması ilə əlaqədar məsələləri müzakirə ediblər. Genişlənməkdə olan əlaqələrin daha səmərəli şəkildə qurulması üçün Azərbaycan Milli Elmlər Akademiyasında TÜBİTAK-ın AMEA ofisinin yaradılmasının məqsədəuyğunluğu nəzərə çatdırılıb.
TÜBİTAK başqanı, professor Hasan Mandal Azərbaycan Milli Elmlər Akademiyası ilə genişlənməkdə olan əlaqələrin Türkiyə-Azərbaycan əlaqələrində elmin rolunun daha da artmasına səbəb olacağını qeyd edərək ortaq layihələrə dəstək veriləcəyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arsında yeni Anlaşma memorandumunun imzalanması qərara alınıb.
Qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.