Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.12.2023 13:55
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və institutun bir qrup əməkdaşı “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I Beynəlxalq elmi konfransda iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın plenar iclasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək Azərbaycanda tarixən kitaba böyük maraq olduğunu və kitabın həmişə bilik mənbəyi hesab edildiyini söyləyib. Alim vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və kitabxana işinin inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi lider gəncləri və ətrafındakı insanları daim mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib. Görkəmli dövlət xadiminin təkcə bədii əsərlərə deyil, bütün sahələrdə olan kitablara böyük dəyər verdiyini vurğulayan akademik kitabxanada Ulu Öndərin yubileyi çərçivəsində belə bir tədbirin keçirilməsinin təsadüf olmadığını qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Konfransın panel iclaslarında Əlyazmalar İnstitutunun əməkdaşları – Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Aytən Əliyeva “Multikultural həyat tərzi”, kiçik elmi işçilər – Sevinc Muxtarova və Ramidə Abbasova müvafiq olaraq “Kitabxanalar: milli dəyərlərin və tarixi irsin qoruyucusu” və “Kitabın və mütaliənin mənəvi inkişafımızda rolu”, biblioqraf Gülnarə Ağayeva “Multikulturalizmin inkişafında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rolu”, Sənədlər üzrə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, baş kitabxanaçı Lalə Hüseynova “Heydər Əliyev və kitabxana”, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin elmi işçisi Vəsilə Hüseynova “Postsovet ölkələrində multikultural ənənələr” və həmin şöbənin baş laborantı Leyla Cəbrayılzadə “Heydər Əliyevin Azərbaycanın mədəniyyət tarixində yeri” adlı məruzələrlə çıxış edib və elmi konfransın işində fəal iştiraklarına görə sertifikatla təltif olunublar.

Qeyd edək ki, bynəlxalq elmi konfrans Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: