2016-cı ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.
Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Ceyhun Hacıbəylinin milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 noyabr 2015-ci il.