Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.2024 10:31
  • A-
  • A
  • A+

Tanınmış alim Paşa Kərimov vəfat edib

Görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, “Tərəqqi” medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini fil.ü.e.d., professor Paşa Kərimov ömrünün 65-ci ilində vəfat edib.

Paşa Əli oğlu Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur.

1982-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi, 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1 noyabr 2011-ci il tarixindən 11 fevral 2014-cü il tarixinədək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra etmişdir. 2014-cü ildən vəfatına kimi institutun direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin 2015-ci ildən institutun Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi.

1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olurdu. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi  və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Vadimin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir.

ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanılan 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı “Miniatürlü xəmsə”əsərinin, Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin, Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətinin, Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirlərinin, Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusu nüsxəsinin surətinin, Paris Milli kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərinin və s. aşkarlanmasına və AMEA-nın Əlyazmalar İnstitutuna gətirilməsinə nail olmuşdur.

Ankara, Daşkənd, Aşqabad, İstanbul, Elazığ, Taşauz, Təbriz, Kabil, Məzari-Şərif, Herat və İslamabadda keçirilən beynəlxalq konfranslarda, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir.

2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür. Prezident İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə Tərəqqi medalı ilə təltif olunmuş, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində Elm və texnologiya nominasiyası üzrə xüsusi mükafata layiq görülmüşdür.

Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi.

Tanınmış alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: