Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.02.2024 10:28
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında fəal gənclər 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə mükafatlandırılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında fəal gənclər 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə mükafatlandırılıb

 

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının gənc tədqiqatçıların da iştirak etdiyi genişləndirilmiş iclası keçirilib.

İclasın gündəliyinə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı mükafatlandırma, institutun 2024-cü il üçün  elmi-tədqiqat işlərinin planının müzakirəsi, 18 yanvar 2024-cü ildə keçirilmiş doktorant ve dissertantların attestasiyasının nəticələrinin müzakirəsi və cari məsələlər daxil edilib.

İclası giriş sözü ilə institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq, 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Akademik qeyd edib ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti ölkə gəncliyinin inkişafında mühüm rol oynayıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və hər il bu gün böyük təntənə ilə qeyd edilir. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiya Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, gənc nəslin problemlərinin həlli və s. kimi məsələləri əhatə edir.

Akademik  qeyd edib ki, bu gün Azərbaycan gəncləri suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş müstəqillik dövründə yaşayırlar və hər bir vətənpərvər azərbaycanlı fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Hazırda, gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər. Paralel olaraq gənc alimlərimiz müxtəlif elm sahələrində əzmlə çalışır və elmi potensialımızı gücləndirirlər. Sevindirici haldır ki, bu gün gənclərimiz xarici ölkələrdə respublikamızı layiqli təmsil edirlər.

Akademik vurğulayıb ki, institutda gənclərin elmi fəaliyyətlərinin inkişafı üçün hər çür şərait var və gənclər bundan yararlanmalı, təhsillərini fasiləsiz magistratura və doktorantura pillələrində davam etdirməli, gənc yaşlarında fəlsəfə doktorluğu və elmlər doktorluğunu müdafiə etməlidirlər. Eyni zamanda gənclərimiz xarici ölkələrin elm mərkəzləri ilə əlaqədə olmaq, dünya elminə inteqrasiya etmək, müxtəlif təqaüd proqramlarında iştirak etmək üçün xarici dilə mükəmməl yiyələnməlidirlər. 

Sonra  tədbirdə 2023-ci ildə elmdə qazandıqları uğurlara görə institutun 4 gənc əməkdaşına təşəkkürnamə təqdim olunub. 

Daha sonra AMEA-nın müxbir üzvü attestasiya komissiyasının sədri Məhəmməd Babanlı bildirib ki, elmlər doktorluğu və fəlsəfə doktorluğu üzə 47 nəfər doktorant və dissertantın attestasiyası keçirilib. Ümumilikdə doktorant və dissertantların il ərzindəki elmi fəaliyyətləri qənaətbəxş hesab edilmiş və komissiya üzvləri tərəfindən onlara elmi işləri ilə bağlı təklif və tövsiyələr verilmişdir. Çıxış ətrafında müzakirələrdən sonra doktorant və dissertantların atestasiyasının nəticələri təsdiq edilib.

Növbəti məsələdən danışan akademik Dilqəm Tağıyev bildirib ki, institutun 2024-cü il üçün elmi-tədqiqat işlərinin planlarında fundamental tədqiqatlarla yanaşı, tətbiqi xarakterli elmi-tədqiqat işləri də, öz əksini tapmışdır. Elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, ölkə iqtisadiyyatına xeyir verə biləcək işlərə üstünlük verilməlidir. Alim qeyd etdi ki, prioritet istiqamətlər üzrə  innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi-tədqiqat işləri genişləndirilməlidir.

Qeyd olunan məsələ ətrafında geniş müzakirələr aparılıb və institutun 2024-cü il üçün elmi-tədqiqat işlərinin planı Elmi şurada təsdiq olunub.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: