Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşəbbüsü, Türkiyə və Özbəkistandakı səfirliklərimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin dəstəyi ilə Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım gününə həsr edilmiş “Nizami Gəncəvi və Gəncə” mövzusunda beynəlxalq vebinar keçirilib.
Onlayn konfransdan əvvəl AMEA-nın Gəncə Bölməsinin əməkdaşları böyük mütəfəkkirin məqbərəsini və Muzeyini ziyarət ediblər.
Konfransın moderatoru AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov tədbirin proqramını iştirakçıların nəzərinə çatdırıb, bugünkü çıxış və təkliflərin Nizami fəlsəfəsinin bəşəri tutumuna, dünyada tanınan şairin doğma yurdu, milli ruhumuzun aynası olan Gəncə və onun mənəvi mühiti ilə bağlılığına həsr olunduğunu vurğulayıb.
Beynəlxalq tədbirin iştirakçılarını AMEA-nın prezidenti akademik İsa Həbibbəyli salamlayıb və dahi mütəfəkkir Nizami Gəncəvinin doğma yurdunda bu xeyirxah və elmi baxımdan dəyərli tədbirin təşkilinə görə Türkiyə və Özbəkistandakı Azərbaycan Mədəniyyət mərkəzlərinə, həmçinin AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarına təşəkkür edib. Akademik İsa Həbibbəyli beynəlxalq vebinarın Nizamişünaslığın ayrı-ayrı sahələrinə müəyyən töhfələr verəcəyinə inamını ifadə edib.
Tədbirdə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anım gününə həsr olunan beynəlxalq tədbirin iştirakçılarını Gəncə ziyalıları adından salamlayıb. O, yüzlərlə, minlərlə kilometr məsafələri birləşdirən bu beynəlxalq görüşün dahi şairin yaradıcılığı, əsərlərində bəşəriyyətə çatdırdığı və bu gün də aktual olan humanist ideyalarının işığında keçirildiyini diqqətə çatdırıb, yaxından və uzaqdan bu tədbirə qatılan alim və tədqiqatçılara uğurlar diləyib.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərov çıxış edərək, ölkəmizə xüsusi rəğbət bəsləyən qardaş ölkələrin təmsilçilərinin Nizami işığındakı görüşündən məmnunluğunu ifadə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında bu cür tədbirləri alimlərimizin digər ölkələrdəki həmkar və həmfikirləri ilə səmərəli əlaqələrinin nümunəsi kimi dəyərləndirib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkədə Nizami Gəncəvi irsinin tədqiqi və təbliği ilə bağlı reallaşdırılan layihələrdən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dahi şairin 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını və bu məqsədlə ölkəmizdə, habelə dünyada Nizami Gəncəviyə dair mühüm tədbirlərin keçirildiyini bildirib.
Samir Abbasov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin klassik irsimizin tədqiqi, dünya dillərinə tərcüməsi və daha geniş tanıdılması istiqamətində işlər həyata keçirdiklərini vurğulayaraq, hazırda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin Türkiyə türkcəsinə tərcüməsinin həyata keçirildiyini qeyd edib. S.Abbasov yalnız ədəbiyyatda deyil, mədəniyyətin bütün sahələrində dahi Nizami Gəncəvinin irsinin təbliğinin əhəmiyyətli olduğunu bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli də çıxışında Azərbaycanın tanınmış şəxsiyyələrinin, klassik irsinin qardaş Özbəkistanda böyük maraqla qarşılandığına, xüsusən Nizami Gəncəvi və özünü onun mənəvi şagirdi hesab etmiş Əlişir Nəvainin yaradıcılıq və fəlsəfi dünyasının dərindən öyrənildiyinə diqqət çəkib.
Sonra vebinarın məruzələri dinlənilib.
Kəşmir Universitetinin professoru Naseem Ahmad Shah, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım, Özbəkstan Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, İstanbul Yıldız Texnik Universitetinin profesoru Suleyman Doğan, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, filologiya elmləri doktoru Gülbahar Aşurova, Təbriz Universitetinin professoru Sədyar Vəzifə (Eloğlu), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstiutunun Nizamişünaslıq şöbəsinin dosenti Zəhra Allahverdiyeva, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Rauf Şeyxzamanlı, Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə və AMEA Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı çıxış ediblər.
Tədbirin sonunda iştirakçılar Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği, eləcə də dahi şairin həyatı ilə bağlı əlamətdar tarixlərin ölkəmizdə, eləcə də xaricdəki Azərbaycan təşkilatları tərəfindən ardıcıl olaraq qeyd olunması, daim bu istiqamətdə layihələrin reallaşdırılmasına dair razılığa gəliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.