AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Eksperimental arxeoloji laboratoriyasının müdiri Əjdər Babazadənin “Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji ve eksperimental analizləri” adlı layihəsi Azərbaycan Elm Fondunun Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əsas qrant müsabiqəsi -2023”ün qalibi olub.
Ölkəmizdə ilk dəfə olaraq bu layihə çərçivəsində eksperimental və traseoloji araşdırmaları birgə aparmaq üçün traseoloji laboratoriyanın qurulması istiqamətində tədqiqatlara başlanılıb. Layihənin əsas məqsədi mikro arxeoloji (mikroskopik-traseoloji) və praktik tədqiqatları (eksperimental) həyata keçirmək, eləcə də mikro (mikroskopik) və praktik (eksperimental) arxeoloji tədqiqatlar aparmaq olub.
Belə ki, Qarabağın paleolit abidələrindən əldə edilmiş artifaktların (əsasən alət çantasında yer alan daş materiallar) texno-tipologiyasında əcdadlarmızın ovlanma, qidalanma və qorunma kimi qədim məşğuliyyətləri müasir elmi metod və epistimoloji tədqiqatlarla öyrənilib.
Bu araşdırmalara əlavə olaraq, əldə edilən artifaktların eksperimental və traseoloji analizlərinin nəticələrinə rəqəmsal, elektron, smart cihazların və İT (software) proqramların tətbiqi ilə Qarabağın ilk və müxtəlif Hominin sakinlərinin həyat tərzinin virtual və vizual formada canlandırılması planlaşdırılır. Beləliklə, bu araşdırmalar, sadəcə alət sənayesində yer alan arxeoloji materialların növlərini, formalarını öyrənmir, həm də bütün alət hazırlama-istifadə əməliyyat zincirində (chain operation) alətin insanın uzaq və yaxın əcdadının texnologiyasını, bioloji, anatomik və koqnitiv (idraki) təkamülündə sosial davranışları tədqiq edir.
Layihənin tədqiqat metodu arxeoloji alət və əşyalar üzərində ən müasir arxeoloji praktikalar-eksperimentlər və mikroskopik-traseoloji təhlillərə əsaslanır.
Qeyd edək ki, müasir dövrdə qərb arxeoloji mərkəzlərində aşınma (use-wear\trace) və qalıq izləri (residue analysis) analizlərini aparan laboratoriya və mütəxəssislərin beynəlxalq cəmiyyəti (Arxeoloji Aşınma və Qalıq Analitikləri Assosiasiyası - Association of Archaeological Wear and Residue Analysts, AWRANA) fəaliyyət göstərir. Həmin assosiasiyanın üzvü olan layihə rəhbəri Əjdər Babazadə traseoloji və eksperimental tədqiqatları aparmaq üçün Azərbaycan Elm Fondunun X mobillik qrantı müsabiqəsində “Arxeologiya elmi sahəsində eksperimental və traseoloji tədqiqatlar üzrə təcrübə və nəzəri biliklərin qazanılması və artırılması” layihəsinin qalibi seçilmişdir. O, ötən il sentyabrın 27-dən oktyabrın 26-dək Alamaniyanın TraCEr laboratoriyasında (Laboratory for Traceology and Controlled Experiments-Traseologiya və Nəzarətli Eksperimentlər Laboratoriyası, LEIZA - Leibniz-Zentrum für Archäologie, Almaniya) elmi ezamiyyətdə olmuşdur.
Qeyd edək ki, TraCEr laboratoriyası arxeoloji aşınma və qalıq analizləri üzrə yeganə cəmiyyət olan AWRANA-nın (Association of Archaeological Wear and Residue Analysts) üzvü və əsas tərəfdaşlarından biridir. Eyni zamanda, dünyada mikroskopik-traseoloji və eksperimental analiz araşdırmalarının birgə aparıldığı çox nadir arxeoloji laboratoriyalardan biridir. TraCEr eksperimental laboratoriyasında prehistoriyanın müxtəlif dövrlərinin tipoloji modelləri mexaniki və robotik cihazlarda test edilir. Traseoloji laboratoriyasında isə mikro və makro analizləri həyata keçirmək üçün elektron, metalloqrafik, stereo, rəqəmsal, konfokal, lazer tipli müxtəlif mikroskoplar istifadə edilir.
Beləliklə, artifaktlarla eksperimentallar müqayisəli şəkildə təhlil edilib. Prehistoric chaîne opératoire-nin bütün mərhələləri: alət düzəltmə və işlətmə proseslərini əhatə edən təcrübələri həyata keçirilib. Bütün bu kompleks tədqiqatlar zamanı robot, mexaniki, texniki və texnoloji cihazlardan istifadə edilib.
Layihənin adından da bəlli olduğu kimi, əsas məqsədlərdən biri də 2 il müddətində Qarabağ bölgəsindən əldə edilən daş alətlərin analizlərinin həyata keçirilməsi olub. Belə ki, Qarabağın Azıx, Tağlar, Zar və digər paleolit düşərgələrindən əldə edilmiş daş materialların texno-tipologiyası traseoloji (mikroskopik) və praktik (eksperimental) təhlil edilib. Bütün bu araşdırmalar müasir arxeoloji metodlara, tətbiqlərə və epistimilogiyaya əsaslanır. Çalışma və araşdırma analizləri TraCEr laboratoriyasında (Almaniya) qazanılmış təcrübələr əsasında aparılır. İlkin dövrdə mikroskopik analizlər üçün alətlərin seçilməsi, yəni referans kolleksiyaların yaradılması nəzərdə tutulur. Məhz bu istiqamətdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Fondunda, eləcə də Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya Fondunda saxlanılan daş alətlərin referans kolleksiyalarının yaradılmasına başlanılmışdır. Qeyd olunanlarla yanaşı, alətlərin inventarlaşdırılması da həyata keçirilir. Həmin materialların fotolarının, qrafik təsvirlərinin çəkilməsi də görülən işlər sırasına daxildir. Bütün çalışmaların verilənlər elektron bazası yaradılır.
Layihə çərçivəsində bir sıra seminarların da keçirilməsi nəzərdə tutulub. İlk belə seminar layihənin iştirakçısı olan Aslan Qasımovun “Coğrafi İnformasiya Sistemləri” (GİS) haqqında təqdimatı olub. Layihənin əsas araşdırma prinsiplərindən biri də rəqəmsal arxeoloji çalışmaların həyata keçirilməsidir.
2 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində traseoloji və eksperimental analizlər üçün elektron və rəqəmsal avadanlıqların, xüsusən mikroskopların alınması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, ölkəmizdə bu sahələrdə araşdırmalar aparmaq üçün ilk olaraq eksperimental, traseoloji, arxeometrik, rəqəmsal çalışmaların aparıla biləcəyi laboratoriyalara və bu sahədə yetişən mütəxəssislərə böyük ehtiyac vardır. Yuxarıda sadalanan sahələrin heç birində nə laboratoriya, nə də mütəxəssisin olmaması bu vəziyyətin önəmini daim diqqətdə saxlamağı tələb edir.
Xatırladaq ki, AMEA Rəyasət Heyəti 2022-ci il iyunun 3-də Arxeologiya və Antropologiya İnstitutunun tərkibində Əjdər Babazadənin rəhbərliyi ilə Eksperimental arxeoloji laboratoriyanın yaradılması ilə bağlı qərar vermişdir. Əsas hədəf eksperimental tədqiqatlar sahəsində boşluğu doldurmaq, ölkəmizdə arxeologiya ilə bağlı tədqiqatlara yeni metod və fərqli istiqamət gətirməkdir. Hazırda bizim məqsədimiz müasir laboratoriyalarda olduğu kimi kompleks analizləri və araşdırmaları aparmaq üçün traseoloji və eksperimental sahədə birgə fəaliyyəti təşkil etməkdir.
Beləliklə, arxeoloji qazıntılardan əldə edilən artifaktların laboratoriyalarda fiziki, kimyəvi, texniki, traseoloji, texnoloji, rəqəmsal, elektron, statistik, eksperimental və s. analizləri müasir arxeologiyanın əsas araşdırma istiqamətini təşkil edir. Əminik ki, bu layihə qeyd edilən tədqiqatların rüşeymlərini yaratmaqla yanaşı, ölkəmizdə mikro-arxeoloji araşdırmaların təməlini quracaq və referansını formalaşdıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.