Bu gün adı Azərbaycan səhiyyəsində yaxşı tanınan, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Fazil Qurbanovun 80 yaşı tamam olur.
Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1974-cü ildə Respublika Klinik Uroloji Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 1975-ci ildən Azərbaycan SSR EA Fiziologiya İnstitutunda SSRİ Tibb Elmləri Akademiyasının (TEA) həqiqi üzvü Mustafa Topçubaşovun rəhbərlik etdiyi cərrahiyyə qrupunda elmi işçi kimi fəaliyyətə başlamışdır.
1980-ci ildə SSRİ Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin nəzdində cərrahiyyə ixtisası üzrə məqsədli aspiranturaya daxil olmuşdur. 1983-cü ildə akademik B.V.Petrovskinin rəhbərliyi ilə “Cərrahi müalicədən sonra təkrarlanan kardiospazm zamanı pnevmatik kardiodilatasiya” mövzusunda dissertasiyanı uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
F.Qurbanov 1984-cü ildə Ümumrusiya Elmi-Tədqiqat Mərkəzinə cərrahiyyə üzrə doktoranturaya göndərilmişdir. 1987-ci ildə SSRİ TEA-nın cərrahiyyə fakültəsində “Qida borusunun bəd və xoşxassəli strikturaları zamanı birmomentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə Fazil Qurbanov Azərbaycanda yeni yaradılmış Elmi-Tədqiqat Qastroenterologiya İnstitutuna şöbə müdiri vəzifəsinə dəvət edilmiş və eyni zamanda, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasında professor vəzifəsində fəaliyyət göstərmişdir. O, Ümumrusiya Elmi-Tədqiqat Mərkəzində çalışdığı illərdə mükəmməl mənimsədiyi həzm sistemi xəstəliklərinin cərrahi və konservativ müalicəsinin bir sıra yeni üsullarını burada uğurla tətbiq etmiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir.
Professor F.Qurbanov 1999-cu ildə Moskvaya, Rusiya Dəmir Yolları ASC-nin 2 saylı Mərkəzi Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə dəvət olunmuşdur. Eyni zamanda, Rusiya Xalqlar Dostluğu Universitetinin hospital cərrahiyyə kafedrasının professoru seçilmiş və ömrünün sonunadək orada çalışmışdır. 2006–2013-cü illərdə Moskvanın 17 saylı şəhər klinik xəstəxanasında hospital cərrahiyyə şöbəsinin klinik bazasında işləmişdir.
Fazil Qurbanov 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. Akademik F.Qurbanovun elmi və həkimlik fəaliyyəti mədə xorasının cərrahiyyəsi və əməliyyat olunmuş mədənin xəstəlikləri, kardiospazm və əməliyyat olunmuş qida borusunun xəstəlikləri, xoşxassəli capıq daralmalar və qida borusu xərçəngi, qarın boşluğunun və retroperitoneal sahənin minimal invaziv cərrahiyyəsi və rekonstruktiv cərrahiyyə məsələlərinə həsr olunmuşdur. Alim qida borusunun xoş və bədxassəli xəstəlikləri üçün rekonstruktiv əməliyyatların inkişafına böyük töhfə vermiş, bir çox cərrahiyyə klinikalarında istifadə olunan müdaxilələrin aparılması üçün bir sıra orijinal cərrahi alətləri klinik praktikaya tətbiq etmişdir.
Aparılan əməliyyatların mühüm nəticələrindən biri əməliyyatdan sonrakı ölüm hallarının əhəmiyyətli dərəcədə azalması olmuşdur. Fazil Qurbanov ilk dəfə olaraq, qida borusunun kompüter tomoqrafiyasından mediastinuma və qonşu orqanlara şiş invaziyasının dərəcəsini qiymətləndirmək üçün istifadə etmişdir. O, kardial axalaziya və kardiospazmın cərrahi müalicəsinin yeni üsullarını işləyib hazırlayaraq kliniki praktikaya tətbiq etmişdir. Görkəmli təbib cərrahi xəstəliklərin müalicəsində minimal invaziv müdaxilələrdən istifadənin yeni üsullarını uğurla inkişaf etdirmiş, xəstələrin xəstəxana şəraitində müalicə müddətini 1 günə endirmişdir.
Fazil Qurbanov cərrahiyyə üzrə 280-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 2 dərsliyin, 13 ixtiranın və 7 səmərələşdirici təklifin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi ilə 9 doktorluq və 17 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Fazil Qurbanov Rusya Xalqlar Dostluğu Universitetinin Dissertasiya Şurasının üzvü, N.I.Piroqov adına Cərrahlar Assosiasiyasının, Rusiya Endoskopik Cərrahlar Assosiasiyasınin, Torakal Cərrahlar Assosiasiyasınin, Beynəlxalq Cərrahlar Kollecinin üzvü, Moskvada və Azərbaycanda işıq üzü görən “Cərrahiyyə” jurnalları redaksiya heyətlərinin üzvü olmuşdur.
Alim çox böyük əmək qabiliyyəti, qətiyyəti, elmi maraqlarının çoxşaxəliliyi, geniş erudisiya qabiliyyəti ilə seçilirdi. Onun peşəkarlığı, insanlara qarşı mehribanlığı və diqqəti dərin hörmət və minnətdarlıq hissi doğururdu. Fazil Qurbanovun tələbələrinin əksəriyyəti xaricdə və MDB ölkələrində cərrahiyyə sahəsində aparıcı mütəxəssislərdir.
O, ictimai işlərə də böyük diqqət ayırırdı. Rusiyanın 70-dən çox regional diaspor təşkilatında birləşmiş çoxmilyonlu Azərbaycan diasporunun rəhbərliyində səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrinin genişləndirilməsi üçün çoxsahəli səmərəli sistem yaratmağa imkan vermişdir.
Yüksəkixtisaslı elmi kadrların hazırlanması və uğurlu diaspor fəaliyyətinə görə 2019-cu ildə o “Şöhrət” ordeni, “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına, 2017-ci ildə Moskva şəhərində elmə verdiyi töhfələrə görə Rusiya Təbiət Elmləri Akademiyasının A.X.Mirzəcanzadə adına beynəlxalq gümüş medalına layiq görülmüşdür.
Çox dəyərli həmkarım, dostum, həyatımda böyük rol oynamış, mənə praktiki cərrahiyyənin və elmi araşdırmaların əsasını öyrədən elmi rəhbərim akademik Fazil Qurbanovla Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda10 il birlikdə çalışmağımı taleyimin xoş qisməti hesab edirəm.
Akademik Fazil Səməd oğlu Qurbanov 23 dekabr 2020-ci il tarixində Moskva şəhərində əbədiyyətə qovuşmuşdur. Məzarı Bakıda II Fəxri xiyabandadır. Məkanı cənnət olsun!
Zərraf ŞİRİNOV,
Elmi Cərrahiyyə Mərkəzinin baş elmi işçisi, professor