Alimlər bəşəriyyət tarixində ən böyük vulkan püskürməsinin izlərini aşkar ediblər. O, 7300 il əvvəl Yaponiyanın Küsü adası yaxınlığında baş verib.
Püskürmənin mənbəyi Kikai sualtı vulkanı olub. O, son 140 min ildə ən azı üç güclü kataklizm meydana gətirib. Yeni araşdırmada elm adamları onlardan ən sonuncusunun gücünü qiymətləndiriblər.
Seysmik məlumatların köməyi ilə elm adamları vulkanın ətrafındakı dəniz dibinin ətraflı xəritəsini yaratmağa müvəffəq olublar. Onlar geniş vulkanik çöküntülər aşkar ediblər və onlardan kernlər (qaya süxurları) əldə ediblər.
Tədqiqat, tərkibində vulkanik şüşə olan 4500 kvadrat-kilometrlik təbəqənin olduğunu nümayiş etdirib. Alimlər püskürmə zamanı dənizə 70 kub-kilometrdən çox materialın daxil olduğunu təxmin edirlər - bu, əvvəlki təxminlərdən təxminən iki dəfə çoxdur.
Vulkanik tullantıların ümumi həcmi 332-457 kub-kilometr olaraq qiymətləndirilib. Bu tullantılarla ABŞ-ın qərbindəki Tahoe gölünü iki dəfə tamamilə doldurmaq mümkündür.
Yeni məlumatlar sübut edir ki, Kikai vulkanı Holosen dövrünün ən böyük püskürməsidir. Bu, təxminən 12 min il əvvəl başlayan və bu günə qədər davam edən dövrü əhatə edir. “Live Science” nəşrinin yazdığına görə, bu, bütün sivilizasiyaya son qoyan Santorininin Minoan püskürməsindən də böyükdür.