AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə “Ziyayi-Qafqaziyyə” (1880-1884) qəzetinin materialları kitab halında çapdan buraxılıb. Nəşrin baş redaktoru və “Ön söz” müəllifi akademik İsa Həbibbəylidir. Transfoneliterasiyası, lüğət, izah və şərhləri Müştəba Əliyevindir. Kitabı professor Vüqar Əhməd çapa hazırlayıb, ona redaktorluq edib. Rəylər akademik Teymur Kərimli, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevindir. Nəşrin annotasiyasında deyilir ki, “Ziyayi-Qafqaziyyə” (1880-1884) əsrin sonlarına aid ictimai-siyasi vəziyyəti səhifələrində işıqlandırıb. “Əkinçi”dən sonra milli mətbuatdakı boşluğu doldurub, dövrün vacib məsələlərinə diqqət yetirib, materiallar operativliyi ilə seçilib.
Akademik İsa Həbibbəyli “Ziyayi-Qafqaziyyə” qəzetinin Ədəbiyyat İnstitutu nəşri” adlı “Ön söz”ündə müstəqillik illərində ilk mətbu orqanların toplanması, nəşri, təbliği və tədqiqi işlərinin vacibliyi, onların qaydaya, səliqə-sahmana gətirilməsi niyyətinə diqqət çəkib, milli maarifçilik hərəkatına, onun ədəbi-ideoloji proseslərinə tarixi-çağdaş nəzər fonunda milli mətbu irsin gələcək nəsillərə ötürülməsinin önəmini xatırladıb. Alim milli maarifçilik hərəkatının başlanması və inkişafına, onun sosial-siyasi və mədəni şəraitinə diqqət edib, milli mətbuatımızın banisi, fədakar jurnalist Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ictimai-ədəbi mövqeyini yada salıb, onun ölkəmizdə maarifçilik hərəkatının lokomotivi olmaq missiyasını xatırladıb, milli mətbuat tariximizin təşəkkülü sahəsində yaratdığı ənənəni, açdığı yolu dəyərləndirib, onun ədəbi-tarixi funksiyasının gələnəklərini qiymətləndirib. Müəllif yığcam məqaləsində XIX əsr maarifçiliyinin təkamülü gedişində ədəbi-tarixi faktları xatırladıb, “Ziyayi-Qafqaziyyə”nin yerinə, mövqeyinə nəzər yetirib, maarifçilik hərəkatında məktəb, teatr və ədəbiyyat işi ilə yanaşı, qəzetin vacib rolunu, milli-ideoloji hərəkatda obyektiv və subyektiv amilləri hərəkətə gətirmək, yönləndirmək gücünə, funksiyasına dəyər verib.
Maarifçilik proseslərinin daxili-mənəvi təkanları kimi əsrin axırlarına doğru yeni mətbuat orqanları yaranıb və yayılıb. “Kəşkül”, “Ziya” və “Ziyayi-Qafqaziyyə” maarifçilik hərəkatının hərəkətverici qüvvəsi kimi məna və mahiyyət daşıyıb, onlar “Əkinçi”nin dayanmasından sonra informasiya məkanına yeni ab-hava, yeni nəfəs ötürüb. XX əsrin əvvəllərində şərəfli estafeti Məhəmməd ağa Şahtaxtlının “Şərqi-Rus”, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun “Həyat”, “İrşad” qəzetləri və Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”, Əli bəy Hüseynzadənin “Füyuzat” jurnalları davam etdiriblər.
Çapı mümkün olmayan qəzet və jurnallar müstəqillik şəraitində yenidən hərəkətə gətirilib, xüsusilə, ölkəmizdə milli mətbuat tarixinin tədqiqi sahəsində mövcud ədəbi ənənələr yeni epoxada davam etdirilib. Bu baxımdan İ.Həbibbəyli məşhur salnaməçi Qulam Məmmədlinin ədəbi-tarixi rolunu xatırladıb, Azərbaycan elmşünaslığında mətbuat tarixi məktəbi yaratdığını yada salıb. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov isə “Mətbuat tarixi materialları əsasında yaradılmış ədəbiyyatşünaslıq əsərlərinin sanballı örnəklərini meydana qoyub”. Alim professor Nazim Axundovun mətbuat tarixinə həsr edilmiş tədqiqatlarını “Azərbaycan mətbuatşünaslığının əhəmiyyətli elmi salnaməsi” adlandırıb.
İ.Həbibbəyli bu sahədə Şirməmməd Hüseynov, Xeyrulla Məmmədov, Ağarəfi Zeynalov, Əflatun Məmmədov, İslam Ağayev, Nəriman Zeynalov, Turan Həsənzadə, habelə, Cahangir Məmmədli, Allahverdi Məmmədli kimi mətbuat xadimlərinin adlarını göstərib, onların “mətbuat tarixinin problemlərinə və simalarına dair çap olunmuş tədqiqat əsərlərində Azərbaycan mətbuatının inkişaf yolu və aparıcı qüvvələrinin fəaliyyətinə diqqət yetirib”. Məqalə müəllifi hesab edib ki, müstəqillik dövründə mətbuat tariximizin öyrənilməsində “böyük bir boşluq meydana çıxıb”. Lakin “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 11 iyun 2014-cü il tarixində yaradılmış Mətbuat tarixi və publisistika şöbəsinin çoxcəhətli və ardıcıl fəaliyyəti ilə nəinki mövcud boşluq aradan qaldırılıb, hətta mətbuatşünaslığımız mühüm addımlarla irəliləyib”.
İ.Həbibbəyli Mətbuat tarixi və publisistika şöbəsinin işinə və rəhbərliyinə razılığını ifadə edərək bildirib: “Filologiya elmləri doktoru, professor Vüqar Əhmədin rəhbərlik etdiyi Mətbuat tarixi və publisistika şöbəsi qısa müddətdə burada aparılan tədqiqat işləri, çap olunan kitablar və məqalələr, keçirilən tədbirlərlə Azərbaycan mətbuatşünaslıq elminin əsas mərkəzinə çevrilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanmış “Molla Nəsrəddin” ensiklopediyası” Azərbaycan mətbuat tarixi elminin son 100 il ərzindəki ən böyük nailiyyətidir”. İnstitut rəhbəri mövcud jurnalların ərəb qrafikasından latın qrafikasına çevrilərək nəşr edilməsi sahəsində şöbə əməkdaşlarının işindən məmnunluq ifadə edib, onların əməyini yüksək qiymətləndirib.
Mətbuat tarixi və publisistika şöbəsində Vüqar Əhməd, Rauf Sadıxov, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Dilbər Rzayeva, Gülnar Səma, Şahanə Məmmədova kimi tanınmış tədqiqatçıların elmi əsərləri bu elmi istiqamətin yeni inkişaf dövrünə qədəm qoymasının göstəricisidir. Gülbəniz Babayevanın “Molla Nəsrəddin” və türk satirik mətbuatı” mövzusunda filologiya elmləri doktorluğu dissertasiyası müstəqillik dövrü Azərbaycan mətbuat elminin mühüm nailiyyətlərindəndir.
Hazırda şöbə əməkdaşları XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid mətbuat nümunələrinin ərəb qrafikasından müasir latın əlifbasına çevrilməsi və kitab halında nəşri işləri ilə məşğuldur. Bu sahədə mərhum Müştəba Əliyevin xidmətləri böyük olub. O, Səid Ünsüzadənin “Təlimül ətval, təhzibül əxlaq” əsərini latın qrafikasında nəşr edib, “Kəşkül” qəzeti üzərində transliterasiya işlərini davam etdirib. Müştəba Əliyev “Ziya” qəzetini latın qrafikasında çapa hazırlayıb və nəşr etdirib. Uzun illər çalışdığı “Ziyayi-Qafqaziyyə” qəzetini də latın qrafikasında çapa hazırlayıb. İ.Həbibbəyli bildirib: “Müştəba Əliyev Qulam Məmmədli məktəbinin ənənələrinə sadiq qalaraq, latın qrafikasına çevirdiyi mətnlərin dəqiqliyinə xüsusi diqqət göstərmiş, mətnlərdəki ərəb-fars sözlərinin lüğətini verməklə müasir dövrün tədqiqatçıları və oxucularının işini asanlaşdırmışdır. Bu mənada Müştəba Əliyevin “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikasına çevirməsi Azərbaycanda mətbuat tarixçiliyinə əsl xidmət nümunəsidir”.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ziyayi-Qafqaziyyə” qəzetinin latın qrafikasında transliterasiya olunmuş mətnini kitab halında çap etməklə zəhmətkeş ziyalı Müştəba Əliyevə olan hörmətini ifadə edib, onun böyük zəhmətini yüksək qiymətləndirib. “Eyni zamanda “Ziyayi-Qafqaziyyə” qəzetinin ilk dəfə latın qrafikası ilə nəşr edilərək oxuculara və tədqiqatçılara çatdırılması milli mətbuat tariximizin keçdiyi çətin və şərəfli yolun dərslərini bu qəzetin günümüz üçün də əhəmiyyətli olan maarifçi ideyalarını yeni nəsillərə təşviq etmək baxımından da faydalıdır. Heç şübhəsiz, “Ziyayi-Qafqaziyyə” qəzetinin Ədəbiyyat İnstitutu nəşri milli mətbuatşünaslıq və mətbuat tarixi elmi istiqamətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən zəngin və qiymətli bir məktəbin meydana qoyulması baxımından da əhəmiyyətlidir”,– deyə İ. Həbibbəyli yazıb.
Professor V.Əhməd “Ziyayi-Qafqaziyyə” kitabının redaktoru kimi “Ön söz”ündə Müştəba Əliyevi tanınmış publisist və mətnşünas kimi səciyyələndirib. “Ziyayi-Qafqaziyyə” qəzeti komplekt halında 1089 səhifədir. Ön sözü akademik İsa Həbibbəylinin, tərtibat və redaktor yazısı professor Vüqar Əhmədin, əsas hissə Ziyayi-Qafqaziyyə” qəzetinin mündəricəsi (1880-1884), “Qeydlər və izahlar”, “Lüğət” Müştəba Əliyevindir.
20 fevral 2024-cü ildə Mətbuat Şurasında qəzetin transliterasiyasının təqdimatı keçirilib. Mərasimdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Bakı Dövlət Universitetinin əməkdaşları, habelə, media mənsubları və təcrübəçi tələbələr iştirak ediblər. Mərasimi giriş sözü ilə Mətbuat Şurasının sədri Rəşad Məcid açıb. İnstitutun icraçı direktoru Mehman Həsənli, əməkdaşı Ülkər Hüseynova, şöbə müdiri Vüqar Əhməd, BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İşıq” jurnalının məsul redaktoru Əsəd Aslanoğlu, Əməkdar jurnalist Azər Həsrət, BDU-nun professoru Allahverdi Məmmədli çıxış edib. Müştəba Əliyevin ailəsi adından tarixçi-alim Akif Nağı, mərhumun oğlu Səid Əliyev təqdimat mərasiminin təşkili üçün rəhbərliyə təşəkkür və minnətdarlığını bildiriblər.
Əlizadə ƏSGƏRLİ, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.