Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.04.2024 14:18
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında birgə fəaliyyət planı imzalanıb

Riyaziyyat və Mexanika İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında birgə fəaliyyət planı imzalanıb

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə hər iki qurumun rəhbər və müvafiq əməkdaşları iştirak ediblər.

Əvvəlcə institutun baş direktoru professor Misir Mərdanov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri, aparılan fundamental elmi tədqiqatlar yerli və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Professor Misir Mərdanov ötən ilin noyabrında Mingəçevirə səfərini xatırladaraq MDU ilə əməkdaşlığın qurulmasından məmnunluğunu dilə gətirib. Rəhbərlik etdiyi institutun mövcud elmi potensialından və buna müvafiq surətdə işbirliyi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin mümkün istiqamətlərindən bəhs edən baş direktor region universiteti olan MDU ilə əməkdaşlıq etməyə və onun potensialının inkişafına töhfə verməyə daim açıq olduqlarını bildirib.

Görüşdə MDU-nun rektoru Şahin Bayramov universitetdə riyaziyyat sahəsində kadr hazırlığının mövcud vəziyyətindən və ehtiyaclarından bəhs edib. Qarşılıqlı əməkdaşlığın universitetdə elm və ali təhsilin inteqrasiyasına, eləcə də MDU-nun yerləşdiyi regiondakı ümumtəhsil müəssisələrində riyaziyyat fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sonra MDU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında 2023-cü ilin noyabrında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda həyata keçiriləcək konkret tədbirləri özündə əks etdirən birgə fəaliyyət planı imzalanıb.

Fəaliyyət planında institut əməkdaşlarının MDU-da ustad dərsləri keçirməsi və magistr dissertasiyalarına rəhbərlik etməsi, MDU əməkdaşlarının institutun elmi seminarlarında iştirakı, birgə elmi tədqiqatların aparılması və ortaq elmi məqalələrin dərc olunması, MDU-da Riyaziyyat festivalının təşkili, Mingəçevirdə Riyaziyyat olimpiadasının keçirilməsi və digər tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: