AMEA Şərqşünaslıq İnstitutunda 1941-1946-cı illərdə İran xalqlarının və cənubi azərbaycanlıların milli-demokratik hərəkatına həsr olunmuş kitablar işıq üzü görüb. Yeni kitablardan biri Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimlinin “21 Azərə gedən yol. Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)” kitabıdır.
Oxuculara təqdim olunan bu kitabda 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur. Bakı, Tehran, Vankuver (Kanada) şəhərlərindəki çapından sonra oxuculara təqdim olunan kitabın IV – yenidən işlənmiş nəşridir. Kitabda 21 Azərə (12 dekabr) gedən mübarizə yolu tədqiq və təhlil edilir. Kitabda keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı sosial, siyasi, iqtisadi və mədəni durum və olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsindən sonra yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti barədə məlumat verilir.
Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri, Azərbaycanda irticanın yenidən baş qaldırması və şah rejiminin qanlı olayları ilkin mənbələrdəki faktlar və sənədlər əsasında təqdim edilir.
Digər kitab isə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin tərtib etdiyi “21 AZƏR-70” fotoalbomudur. Təqdim olunan albomda millətimizin mübarizə tarixinin bir hissəsi əks olunur. Albomda 1945-1946-cı illərdə Arazın o tayında – Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat, Azərbaycan Milli Hökuməti, onun birillik fəaliyyəti, dövlətçilik tariximizdə bu hərəkatın yeri və rolu, qoyduğu izlər və təsirlər əks olunub.
1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti, gördüyü işlər və məğlubiyyəti ilə bağlı hadisələri əks etdirən bu albomun tərtibatında o dövrə aid müxtəlif sənədlər və fotoşəkillərdən, hərəkatda fəal iştirak etmiş və onun canlı şahidi olmuş şəxslərin xatirələrindən, eləcə də arxiv sənədlərindən istifadə edilib.
Üçüncü kitab bu günlərdə Şərqşünaslıq İnstitutunda keçirilmiş “21 Azər” mövzusunda elmi konfransın materiallarını əhatə edir. Topluya 21 Azər hərəkatının tarixinə, bu hərəkatın bədii ədəbiyyatda, mətbuatda əksinə aid və s. materiallar yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir