Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) “Seysmik inversiyaya yeni yanaşma” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institututn baş direktoru akademik Akif Əlizadə mövzunun əhəmiyyətini diqqətə çatdırıb və mühazirə üçün sözü g.-m.e.d. ADNSU-nun professoru Tofiq Əhmədova verib.
Professor seysmik məlumatların kinematik (struktur) interpretasiyasından başlayaraq seysmik atributların statistik interpretasiyası – atributların reqression analizi (ARA), atributların neyron analizi (ANA) və seysmostratiqrafiya uzanan inkişaf yolundan məlumat verib. Həmçinin Müasir sistemlərin əksəriyyətində perspektiv karbonat və terrigen çöküntülərin geoloji kəsilişlərinin proqnozunda seysmik yazıların amplitudlarından – “Parlaq ləkə”, AVO, Stratimagic, yaxud psevdoakustik sürətlərdən – PAK, VELOG, PEAM, psevdo-akustik sərtliklərdən – Parm və Parm-kollektor, stoxastik inversiyadan, genetik inversiyadan, effektiv əks olunma əmsallarından, PRONİ süzgəcləmədən, sürətlərin dispersiyasından istifadə edilməsinə əsaslanan seysmik üsullar tətbiqini diqqətə çatdırıb.
Alim daha sonra vurğulayıb: ”Bizim təklif etdiyimiz alqoritm əsasında tərtib edilmiş “AZƏRİ” adlanan proqramlar paketi də seysmik inversiyanı həyata keçirir, lakin bu zaman quyu geofiziki tədqiqat (QGT) məlumat-larından son mərhələdə deyil, aralıq mərhələdə, yəni seysmik məlumatlaın emalı mərhələsində istifadə edilir. Bununla da iki müsbət nəticə əldə edilir: birincisi, siqnal/maneedici nisbət xeyli yaxşılaşdırılır, ikinci isə seysmik kəşfiyyat məlumatlarının yüksək ayırdediciliyi əldə olunur.
Bu proqramlar paketi ölkəmizin bir neçə neftli-qazlı yatağında (quruda, dənizdə) tətbiq edilmiş, müsbət və səmərəli nəticələr əldə edilmişdir (məsələn, Hövsan yatağında). Alqoritm və proqramın işləkliyini və geoloji səmərəliliyini göstərmək üçün yataqdakı quyulardan biri dayaq quyusu kimi qəbul edilmiş, digər quyu üçün sintetik (elektrik) karotaj əyrisi hesablanmışdır. Sintetik və real karotaj əyriləri arasında oxşarlıq əmsalı hesablanmış və müsbət qiymətlər alınıb. Eyni zamanda quyulararası məkanda neftli-qazlı horizontların paylanması və qalınlıqlarının dəyişməsi proqnozlaşdırılır.”
Zəngin elmi faktlara söykənən mühazirə maraqla qarşılanıb və çoxsaylı suallar cavablandırılıb, mövzu ətrafında çıxışlar olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.