Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyevanı 70 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə akademik Gövhər Baxşəliyevanı təbrik edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu mükafatın həm yubilyar alimə və həm də bütövlükdə Azərbaycan aliminə, Milli Elmlər Akademiyasına verilən yüksək qiymətin ifadəsi olduğunu bildirib.
AMEA rəhbəri Akademiyanın Rəyasət Heyətinin üzvləri və kollektivi adından Prezident İlham Əliyevə Azərbaycan elminə verdiyi yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.
Akademik İsa Həbibbəyli akademik Gövhər Baxşəliyevanın çoxillik səmərəli elmi və ictimai-siyasi fəaliyyətindən danışıb. AMEA-da laborantlıqdan Şərqşünaslıq İnstitutunun direktorluğuna və vitse-prezidentliyə qədər şərəfli yol keçmiş akademik Gövhər Baxşəliyevanın şərqşünaslıq elmi sahəsində əhəmiyyətli nəticələr əldə etdiyini diqqətə çatdıran Akademiya rəhbəri alimin elm təşkilatçısı kimi də fəaliyyətinin faydalı olduğunu qeyd edib.
Sonra AMEA Rəyasət Heyətinin üzvləri akademik Gövhər Baxşəliyevaya gül dəstələri təqdim ediblər.
Sonda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək yüksək mükafata görə ölkə başçısına dərin minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.