Astronavtların koqnitiv qabiliyyətlərinə kosmosun təsirini öyrənən NASA alimləri digər planetlərə insanlı missiyaların göndərilməsini çətinləşdirə biləcək bir sıra problemlər müəyyən ediblər.
NASA-nın Conson Fəza Mərkəzinin (Johnson Space Center) amerikalı nevroloqlar qrupu 25 astronavtın Beynəlxalq Kosmik Stansiyada (BKS) altı aylıq qaldıqları müddətdə dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətlərini öyrənib. Daha dəqiq desək, koqnitiv funksiyalar 10 idrak testindən istifadə edilərək qiymətləndirilib.
BKS-də aparılan araşdırmaya görə, astronavtların Yer kürəsi ilə müqayisədə məlumat emal etmə sürətinin azaldığı, vizual yaddaş və diqqət səviyyələrinin zəiflədiyi, risk alma meylinin isə artdığı müəyyən edilib. Belə ki, kosmosda olduqları müddətdə astronavtların idrak qabiliyyətləri tədricən zəifləyib. Xoşbəxtlikdən, bu dəyişikliklər Yerə geri döndükdə əvvəlki səviyyələrinə qayıdır. Bu dəyişikliklərin səbəbini anlamaq üçün yeni araşdırmalar davam etdiriləcək.
Tədqiqatın nəticələri “Frontiers in Physiology” jurnalında dərc olunub.