Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikası Elmlər Akademiyası və Beynəlxalq Elmi Şuranın (International Science Council – ISC) birgə təşkilatçılığı ilə Mərkəzi Asiya və Zaqafqaziya üzrə Regional Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi və regional elmi dialoq keçirilib.
Tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Gürcüstan və Ermənistanın elmi qurumlarının, habelə Rusiya, Türkiyə və Türk Akademiyasının nümayəndələri iştirak ediblər. Beynəlxalq Elmi Şuranı təşkilatın baş direktoru professor Salvatore Arico və digər nümayəndələr təmsil ediblər.
Tədbir çərçivəsində Beynəlxalq Elmi Şuranın regional fəaliyyəti və yeni yaradılmış Regional Əlaqələndirmə Mərkəzinin əsas fəaliyyət istiqamətləri təqdim edilib. Mərkəzin yaradılması Mərkəzi Asiya və Zaqafqaziya ölkələrinin elmi qurumları arasında institusional əlaqələrin möhkəmləndirilməsi, ortaq elmi təşəbbüslərin irəli sürülməsi və beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.
“Regional perspektivlər: regional elmi əməkdaşlıq üçün gözləntilər və imkanlar” mövzusunda keçirilən sessiyada iştirakçı ölkələrin elmi təşkilatlarının nümayəndələri öz ölkələrinin elmi potensialı, prioritetləri və regional əməkdaşlıqla bağlı gözləntiləri barədə təqdimatlarla çıxış ediblər.
Tədbirdə AMEA-nın akademik-katibi, akademik Arif Həşimov Azərbaycan Milli Elmlər Akademiyasını elmi potensialı, fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq siyasəti və regional elmi əlaqələrin inkişafına dair təklifləri əks etdirən təqdimatla çıxış edib. Həmçinin Akademiyanın elmi fəaliyyətinin əsas istiqamətləri, elmi strukturu, fundamental və tətbiqi tədqiqatların inkişafı, elmi potensialın qorunması və gücləndirilməsi, innovasiyaların təşviqi, milli tarixi-mədəni irsin öyrənilməsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məsələlərini diqqətə çatdırıb.
Məruzədə akademik Arif Həşimov AMEA-nın əsas elmi üstünlükləri sırasında ictimai və humanitar elmləri, milli tarixi-mədəni irsin tədqiqi, seysmologiya və geodinamik proseslərin öyrənilməsi, regional və beynəlxalq araşdırmaları xüsusi qeyd edilib. Eyni zamanda, Akademiyanın 2025–2030-cu illər üzrə İnkişaf Konsepsiyasının həyata keçirilməsi, rəqəmsal tədqiqatların inkişafı, gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, elmi məktəblərin və akademik ənənələrin qorunması, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Alim regional əməkdaşlığın faydalı ola biləcəyi istiqamətlər sırasında dilçilik və ədəbiyyatşünaslıq, tarix və mədəni irs, beynəlxalq elmi inteqrasiyanı xüsusi vurğulayıb. Akademik bu çərçivədə region xalqlarının dilləri, ədəbiyyatı, folkloru və mədəni ənənələrinin müqayisəli tədqiqi, tarixi əlaqələrin araşdırılması, arxiv sənədlərinin, əlyazmaların və yazılı abidələrin qorunması və rəqəmsallaşdırılması, eləcə də beynəlxalq qrant layihələrinin hazırlanması və birgə elmi nəşrlərin təşviqini təklif edib.
Bununla yanaşı, regional elmi tədqiqat şəbəkəsinin yaradılması, elmi materiallara və sənədli irsə çıxışı təmin edən rəqəmsal məlumat bazalarının hazırlanması, beynəlxalq elmi-tədqiqat və qrant proqramlarında iştirak üçün çoxtərəfli layihə təkliflərinin işlənib hazırlanması, fundamental elmlər sahəsində AMEA-nın ekspert potensialından istifadə olunması imkanları diqqətə çatdırılıb. Akademiyanın regional əməkdaşlığa töhfəsi kimi Azərbaycan alimlərinin ekspert və tədqiqat potensialının təqdim edilməsi, beynəlxalq konfransların, seminarların və ekspert görüşlərinin təşkilinə elmi-metodiki və təşkilati dəstək göstərilməsi, eləcə də elmi resursların rəqəmsallaşdırılması və tarixi-mədəni irsin qorunması üzrə birgə təşəbbüslərdə iştirak etmək imkanları qeyd olunub.
Regional Əlaqələndirmə Mərkəzinin gələcək fəaliyyətinin prioritetləri ilə bağlı müzakirələrdə region təşkilatlarının elmi və innovativ layihələr üzrə beynəlxalq müsabiqələrdə iştirakının dəstəklənməsi, Mərkəzin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün əsas göstəricilər sisteminin formalaşdırılması, həmçinin birgə elmi layihələrin hazırlanması və nəticələrinin beynəlxalq səviyyədə təşviqi məqsədilə uyğun tərəfdaşların müəyyənləşdirilməsi məsələləri ön plana çəkilib.
Tədbirin rəsmi hissəsində Beynəlxalq Elmi Şuranın baş direktoru professor Salvatore Arico və Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şavkat Ayupov arasında Regional Əlaqələndirmə Mərkəzinin fəaliyyətinə dair saziş imzalanıb, bundan sonra Mərkəzin rəsmi açılışı elan edilib. Yekun müzakirələrdə regional elmi əməkdaşlığın əsas prioritetləri və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbirin təşkilində əsas məqsədi region ölkələri arasında elmi əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, qarşılıqlı maraq doğuran elmi istiqamətləri müəyyənləşdirmək, həmçinin regional elmi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları və mexanizmləri nəzərdən keçirmək olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.