Azərbaycan-Belarus mədəni əlaqələri hələ SSRİ-nin tərkibində müttəfiq respublikalar olarkən yaranmışdır. İllərdir ki, hər iki dövlət və xalq arasında qarşılıqlı hörmətə, faydalı əməkdaşlığa söykənən sıx dostluq münasibətləri var. Bu münasibətlər hazırda da davam edir və bu əməkdaşlıq ölkəmizin müxtəlif sahələrində olduğu kimi, muzey fəaliyyəti istiqamətində də aparılır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov və Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru Sergey Usik ilə onlayn formatda görüş keçirilib.
Görüş zamanı muzeyin direktoru Sergey Usik Belarus-Azərbaycan əlaqələrinin dərin köklərindən, xalqlarımız arasında uzun illər eyni mədəni mühitin yaşandığından söz açıb və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. O, Belarus Mədəniyyət Nazirliyinin fəaliyyətindən bəhs edərək, bu günlərdə Azərbaycanda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Belarus Respublikasının rəsmilərinin iştirakını qeyd edib.
Sergey Usik, həmçinin 2024-2025-ci illərdə Belarus Respublikasının tarixində əlamətdar hadisənin gerçəkləşəcəyini, Azərbaycanda 1941-1945-ci illər Belarusiyanın alman faşizmindən azad olunması ilə bağlı qəhrəmancasına həlak olmuş Belarus yazıçılarının xatirəsinə həsr olunacaq sərginin nümayiş olunacağını diqqətə çatdırıb.
İmzalanacaq saziş haqqında da fikirlərini bölüşən muzeyin direktoru vurğulayıb ki, bu genişlənən əməkdaşlıq hər iki ölkə arasında elmi, ədəbi-mədəni əlaqələrin yaranmasına töhfə olacaq.
Akademik Rafael Hüseynov isə ötən il Minskə işgüzar səfər çərçivəsində Belarus Milli Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbirdə iştirakı, eləcə də Belarus Radio və Televiziyasının rəsmiləri ilə danışıqları haqqında belarusiyalı həmkarını məlumatlandırıb. O, bu sözləşmənin hər iki muzeyin gələcək fəaliyyətində mühüm rol oynayacağını, tərcümə mərkəzlərinin yaranması, elmi konfransların, görüşlərin keçirilməsində və əlaqələrin möhkəmlənməsində körpü olacağını qeyd edib.
Rafael Hüseynov kəşfiyyat-təxribat qrupunun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) haqqında məlumat verərək, onun kəşfiyyatçı fəaliyyətindən bəhs edib. Eyni zamanda, Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının xətti ilə Sloveniyada səfərdə olarkən Nova Qoriça şəhərində Mehdi Hüseynzadənin məzarını ziyarət etdiyini, ona olan böyük xalq sevgisinin şahidi olduğunu və bu ehtiramın nəticəsi olaraq xatirə muzeyinin yaradıldığını qeyd edib.
Sonda iki muzey arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.