Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2024 17:30
  • A-
  • A
  • A+

“Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib

“Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib

Mayın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş nitqi ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq görkəmli dövlət xadiminin Azərbaycanın yeni və müasir dövlətçilik tarixində əvəzsiz rolundan, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını tarix içərisində irəliləyən güclü xalqa çevirmək, Azərbaycan adını dünyada təsdiqlətmək istiqamətində mühüm işlər görüb.

Bir xalqın tarixində onun istiqlalının ən mühüm məsələ olduğunu deyən akademik Rafael Hüseynov qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu və cəmi 23 il yaşadı. Azərbaycan xalqı 70 il müstəqillik həsrətində oldu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün oldu.

Onun sözlərinə görə, Ümummilli Liderin siyasi zəkası və sarsılmaz qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu, müasir Azərbaycan dövlətinin memarı olan bu misilsiz şəxsiyyət dövlətimizin iqtisadiyyatını dirçəltdi. Ulu Öndər XX əsrdə Azərbaycanın müstəqilliyini yenidən bərpa etdi, qorudu və möhkəmləndirdi. Azərbaycanın dövlətçilik tarixində və ölkəmizin müstəqilliyinin yenidən bərpa olunmasında Heydər Əliyevin xidmətləri danılmazdır.

Direktor vurğulayıb ki, 33 ildir Azərbaycan dövlət müstəqilliyini bərpa edərək istiqlal içərisindəki yolunu davam etdirir. Bu 33 ilin 31 ili isə iki böyük şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Uzaqgörən rəhbər Heydər Əliyev Azərbaycanın müstəqilliyini, istiqlalını XX əsrin sonlarının çox ağır, sınaqlı mübarizəli yollarından uğurla keçirərək XXI əsrə çatdırdı. Ulu Öndərin bütün sahələrdə uğurlu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilir.

Alim artıq Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun reallaşdığını, torpaqlarımızın işğaldan azad edildiyini və müasir Azərbaycan dövlətinin qurucusunun ruhunun şad olduğunu söyləyib. Vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanı dünyada söz sahibi olan güclü, inkişaf edən, nüfuz sahibi bir dövlətə çevirdi və o, xalqımızın illərdən bəri ən ağır problemi olan Qarabağ düyününü açmağa müvəffəq oldu.

“Əbədi ömrün ikinci əsri” mövzusunda məruzəsini təqdim edən akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, Heydər Əliyevin xalqın gələcəyi ilə bağlı ən mühüm addımlarından biri də sovet dövründə azərbaycanlı gənclərin Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsini təşkil etmək idi. Direktor bildirib ki, Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində ali təhsil müəssisələrinin zəngin şəbəkələri yaradılmış, onların maddi-texniki bazası qurulmuş, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə işlər görülmüşdür.

"O, ixtisaslı hərbiçi kadrların yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Qısa müddətdə burada yetişən gənc hərbiçilər ozamankı Sovet İttifaqının müxtəlif guşlərində xidmət keçərək daha da təcrübələnmiş, 1980-ci illərin sonlarında Azərbaycan insanı müstəqillik çağırışı ilə meydanlara atılanda, öz ərazi bötüövlüyünü qorumaq üçün mübarizəyə başlayanda həmin hərbiçilərin əksəri Vətənə qayıtmış, xalqına xidmət etməyə başlamışlar.", - deyə akademik Rafael Hüseynov əlavə edib.

Alim bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində, ictimai-siyasi fəaliyyətində elmə, mədəniyyətə, ədəbiyyat və sənətə önəm vermiş, yaradıcı simalara qayğı göstərmiş, Nəsiminin anadan olmasının 600, Füzulinin 500,  Nizami Gəncəvinin 840 illik yubileylərinin qeyd olunması, eləcə də xalqımızın digər tanınmış mütəfəkkirlərinin ildönümlərinin keçirilməsi ilə bağlı sənədlər imzalamışdır. Dahi şəxsiyyət elm, mədəniyyət və ədəbiyyat xadimlərinə xüsusi diqqətlə yanaşmış, onları yüksək dövlət mükafatları ilə təltif etmişdir.

Muzeyin direktoru çıxışının sonunda qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcəkdir.

Daha sonra muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri professor Xatirə Bəşirli “Heydər Əliyevin dövlət idarəçiliyində ədəbiyyatın yeri” adlı məruzəsini təqdim edib. X.Bəşirli qeyd edib ki, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin dərinləşməsi, azərbaycançılıq məfkurəsinin mənimsədilməsi dahi şəxsiyyət Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindən olmuşdur. Məruzəçi Ulu Öndərin bu tarixi vəzifəni həm ölkə daxilində, həm də Azərbaycandan kənarda həyata keçirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Heydər Əliyevin siyasi kursunun bir istiqaməti olaraq Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud”un beynəlxalq miqyasda yubileylərinin keçirilməsi Azərbaycan xalqının qədim mədəni toplum kimi dünya səviyyəsində tanınmasına, dövlətimizə, xalqımıza etibarlı tərəfdaş qazandırmasına vəsilə olmuşdur.

Elmi sessiyanın növbəti məruzəsi “Ölümsüz bir ölümlə əbədiyyətə qovuşanlar” mövzusunda olub. Məruzəni təqdim edən muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli Ulu Öndərin xalqa səmimi münasibəti ilə qəlbləri fəth etdiyini, əbədiyaşarlıq qazandığını qeyd edib. Bildirib ki, Heydər Əliyev azərbaycançılıq məfkurəsi, siyasi irsi, dövlət inkişaf kursu, Azərbaycan sevdalılığı ilə tariximizə əbədi imza atıb. Məruzəçi “Əbədiyyətə qovuşanlar içində tarixin sınaqlarından çıxmış, ömrünü xalqına həsr etmiş unudulmaz öndərimiz Heydər Əliyev də vardır”, - deyə əlavə edib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: