Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2025 16:59
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlərlə iştirakçıları tanış edib.

Elmi şuranın iclasında tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi  münasibətilə elmi məruzə dinlənilib, videoçarx nümayiş olunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Esmira Fuadın təqdimatında Bəxtiyar Vahabzadənin ictimai-fəlsəfi dünyasına qısa bir baxış” adlı məruzə maraqla qarşılanıb.

İclasda Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Humanitar Elmlər Bölməsinin Tədbirlər planı təsdiq edilib. Görkəmli şairin xatirəsinin ədəbiləşdirilməsi və yubileyinin layiqincə qeyd olunması məqsədilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyatımızın Bəxtiyarı” adlı elmi sessiyanın, “Bəxtiyar Vahabzadənin yaradıcılığında milli kimlik və istiqlal” mövzusunda doktorant və dissertantlar üçün elmi seminarın, Nizami Gəncəvi adəna Ədəbiyyat İnstitutu və Bəxtiyar Vahabzadənin Şəkidəki Ev Muzeyinin birgə təşkilatçılığı ilə tədbirin keçiriləcəyi diqqətə çatdırılıb. Bununla belə, Nəsimi adına Dilçilik İnstitutunda “Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili sevgisi”, Folklor İnstitutunda “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiyaların təşkil ediləcəyi qeyd olunub. “Bəxtiyar Vahabzadə: şəxsiyyəti və sənəti” monoqrafiyasının nəşri (filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, Folklor İnstitutu), şairin həyatı və yaradıcılığının KİV-lərdə işıqlandırılması (Humanitar Elmlər Bölməsinin elmi müəssisələri), “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının (Nizami Gəmncəvi adına Ədəbiyyat İnstitutu) Bəxtiyar Vahabzadənin yubileyi münasibətilə xüsusi nömrəsinin çapa hazırlanması məsədəuyğun hesab edilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrasına dair Humanitar Elmlər Bölməsinin Tədbirlər planı təsdiq edilib. AMEA-nın 80 illiyi ilə əlaqədar Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dünəni, bugünü və sabahı” (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu), “Azərbaycan dilçiliyinin tarixi” (Nəsimi adına Dilçilik İnstitutu), “Qobustanın daş kitabələrindən başlanan əlyazmaşünaslığımızın son 80 ili” (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən AMEA-ya uzanan yolun yolçuları – Azərbaycan folklorşünasları” (Folklor İnstitutu), “Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” (Memarlıq və İncəsənət İnstitutu)  mövzusunda tədbirlərin keçirilməsi nəzarə alınıb.

Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasına dair Tədbirlər planına təkliflərin hazırlanması üçün Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinə tapşırıq verilib.

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında AMEA-nın Folklor İnstitutunun strukturunun təsdiq edilməsi haqqında qərar qəbul edilib. Qeyd olunub ki, institutun fəaliyyət istiqaməti bir-birinə yaxın olan bir neçə şöbəsi birləşdirilib, həmçinin daxili imkanlar və mövcud ştat vahidi nəzərə alınmaqla İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il martın 19-da “Azərbaycan Respublikasının “2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mövcud Kompüter dilçiliyi şöbəsinin bazasında Süni intellekt və kompüter dilçiliyi şöbəsinin yaradılması məqsədəuyğun hesab edilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq edilməsi haqqında AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Humanitar Elmlər Bölməsinin Elmi şurasında Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Məhəmməd Füzuli adına Əlyazmalar institutlarında fəaliyyət göstərən əməkdaşların kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru, dosent Sevinc Əliyeva Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib.

2025-ci il aprelin 15-də akademik Sadıq Dadaşovun 120, aprelin 19-da akademik Mikayıl Useynovun 120 illik yubileyi münasibətlə Memarlıq və İncəsənət İnstitutuna yubiley tədbirlərinin keçirilməsi barədə tapşırıq verilib. 2025-ci il aprelin 20-də isə görkəmli folklorşünas alim, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin anadan olmasının 80 illiyi tamam olur. Bununla əlaqədar olaraq AMEA-nın Humanitar Elmlər Bölməsi, AMEA-nın Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birgə təşkilatçılğı ilə tədbirin təşkil edilməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: