Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi layihə həyata keçirən məktəblilər ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik yarışmasında medal qazanıblar.
Belə ki, Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medala layiq görülüblər.
Onlar Aşqarlar Kimyası İnstitutun icraçı direktoru k.e.d., professor Əfsun Sucayevin elmi rəhbərliyi altında Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda elmi tədqiqat həyata keçiriblər. Həmin layihə “Sabahın alimləri” XIII Respublika müsabiqəsində I yer – qızıl medalına layiq görüldüyü üçün Beynəlxalq Elm və Mühəndislik Yarışmasına (ISEF) vəsiqə qazanmışdı.
Məlumat üçün bildirək ki, ISEF - Beynəlxalq Elm və Mühəndislik sərgisi 70 ildən çoxdur ki, hər il ABŞ-da təşkil olunan və müxtəlif ölkə təmsilçilərinin iştirak etdiyi elmi-tədqiqat layihələrinin sərgisidir. Yuxarı sinif şagirdləri üçün dünyanın ən böyük qlobal elm yarışması hesab edilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində 75-dən çox ölkədən 21 fərqli STEM fənni üzrə yüzlərlə layihə təqdim edilir.
Azərbaycan Respublikası 2011-ci ildə ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədilə ISEF-ə qoşulmuşdur. Ölkəmizdə elmi tədqiqat işinə meyli olan və yüksək elmi tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlanması üçün 2012-ci ildən etibarən ISEF-ə seçim turu olan “Sabahın alimləri” respublika müsabiqəsi keçirilir. Sözügedən müsabiqədə şagirdlərin əsasən 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat layihələri dəyərləndirilir. Müsabiqənin qalibləri olan məktəblilər ABŞ-dəki sərgidə ölkəmizi təmsil edirlər.
Onuda qeyd edək ki, bu ilə qədər ISEF-də yarışan Azərbaycan məktəbliləri medal qazanmamışdır. Bu il bürünc medal qazanmaqla ölkəmiz adına bir ilkə imza atılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.