Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.06.2024 10:18
  • A-
  • A
  • A+

Geoloq alim Rəşid Fətəliyevin 70 illik yubileyi qeyd edilib

Geoloq alim Rəşid Fətəliyevin 70 illik yubileyi qeyd edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin 70 illik yubileyi qeyd edilib.

Fətəliyev Rəşid 1954-cü ildə Ağstafa şəhərində doğulub, 1971-ci ildə orada orta məktəbi, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib.

O, 1976-77-ci illərdə Rusiyanın Oryol vilayətində, 1977-89-cu illərdə Azərbaycanın Kiçik Qafqaz Ekspedisiyasında geoloq, böyük geoloq və baş geoloq, o cümlədən, 1986-89-cı illərdə SSRİ-nin texniki yardımı çərçivəsində Kuba Respublikasında məsləhətçi-böyük geoloq kimi çalışıb.

Xarici ezamiyyətdən qayıtdıqdan sonra R.Fətəliyev 1989-cu ildən 1992-ci ilə qədər Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin mərkəzi aparatında,  geoloji şöbədə böyük geoloq, rəhbərlik yanında xarici-iqtisadi məsələlər üzrə aparıcı mütəxəssis vəzifələrində işləyib.

1992-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinə dəvət olunub, Aparatın neft və kimya şöbəsində məsləhətçi,  ekologiya bölməsinin müdiri, şöbə müdirinin müavini, Dövlət qulluğunun baş müşaviri vəzifələrində çalışıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2015-ci ilin dekabrında təqaüdə çıxdıqdan sonra  akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. O, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosentdir, 40-dan artıq elmi məqalənin və 3 monoqrafiyada müvafiq bölmənin müəlliflərindəndir.

Bir neçə xarici dil bilən R.Fətəliyev Türkiyə, Norveç, Fransa, İran, Yunanıstan, Almaniya, Yaponiya və s. kimi bir sıra xarici ölkədə keçirilmiş beynəlxalq görüşlərdə və konfranslarda iştirak və çıxışlar edib.

R.Fətəliyevin elmi jurnallarda məqalələrlə yanaşı, günümüzün aktual məsələlərinə, təbiətə və təbiət hadisələrinə dair 100-dən artıq elmi-kütləvi və publisistik yazıları  respublikanın müxtəlif mətbu orqanlarında və internet saytlarında dərc edilib, 3 kitabı işıq üzü görüb.

Coğrafiya İnstitutunun rəhbərliyi, Həmkarlar Təşkilatı, eləcə də bütün kollektivi Rəşid Fətəliyevi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, tükənməz enerji,  yeni-yeni yaradıcılıq uğurları arzu edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: