AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun vitse-prezidenti və baş katibi professor Zhou Jinfeng ilə görüşüb.
Görüşdə Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun vitse-prezidenti və baş katibi professor Zhou Jinfeng təşkilatın tarixi, fəaliyyəti, elmi layihə proqramları barədə ətraflı məlumat verib. Qurumun rəhbəri müxtəlif elmi layihələrin həyata keçirilməsi sahəsində AMEA ilə əməkdaşlığın yaranmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Bu il Azərbaycanda keçiriləcək COP29 tədbirlərinə dəvət olunduğunu məmnunluqla xatırladan professor Zhou Jinfeng Azərbaycanda elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nin bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini bildirərək onun gözlənilən mühüm nəticələrindən danışıb, bu sahədə dost Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək qurumlar arasında elmi əməkdaşlıq əlaqələrinin yardılmasının əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqətə çatdırıb. Azərbaycanda elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirlər barədə danışan AMEA rəhbəri Çinin müvafiq fondu ilə nəzərdə tutulmuş birgə əməkdaşlığın səmərəliliyini xüsusi vurğulayıb. AMEA-nın Bilologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi elmi-tədqiqat müəssisələri ilə birgə fəaliyyətin mühüm nəticələrə gətirib çıxaracağına əminliyini ifadə edib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda birgə elmi fəaliyyətin müddəaları yer alıb.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çinin dövlət televiziyasına və rəsmi qəzet və saytlarına Azərbaycan-Çin elmi əlaqələri barədə müsahibə verib.
Görüşdə Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutundan professor Huang Venjiang, bir sıra dövlət qurumlarını təmsil edən professor Jiang Feng, professor Chen Vengang, professor Linda Vong, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, dosent Ağahüseyn Şükürov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev və Azərbaycanın Çindəki səfirliyinin məsul əməkdaşları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.