Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Sülh və əməkdaşlığın qarantı: Azərbaycan Silahlı Qüvvələri
26.06.2024 10:00
  • A-
  • A
  • A+

Sülh və əməkdaşlığın qarantı: Azərbaycan Silahlı Qüvvələri

Ordu quruculuğu sahəsində uzun yol qət edən Azərbaycanın qədim dövlətçilik ənənələri hərbi təcrübəsinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Tarixin müxtəlif dövrlərində regionda güclü orduya və yüksək hərbi potensiala malik olan Azərbaycanın ötən əsrin əvvəllərində milli ordu yaratmaq amalı hər zaman öndə olmuş və 1918-ci ilin 26 iyun tarixi bu işdə həlledici rol oynamışdır. Yaranmasından 106 il ötən Azərbaycan ordusu tarixin sərt sınaqlarından keçərək, bolşevizm kimi regional təhdidlərlə üzləşmiş, 70 illik uzun fasilədən sonra, 1991-ci ildə suverenliyinin təkrar bərpası müstəqil dövlətin silahlı qüvvələrinin yaranması və qüdrətli orduya çevrilməsi ilə nəticələnmişdir. 

Nə çarizm nə də ki, kommunist ideologiyası Azərbaycan ordusunun təməlini sarsıda bilməmişdir. Dövlət müstəqilliyi uğrunda aparılan mübarizələr, son ikiyüz ildə bölgənin müsəlman əhalisinə qarşı törədilən soyqırımı hadisələri illər ötdükcə xalqın birliyini möhkəmləndirmiş, sərhəd təhlükəsizliyinin və ordu quruculuğunun vacib olduğunu göstərmişdir. Xalqın düşmənlə mübarizədə döyüşkən ruhunu canından qopara bilməyən rejimlər tarix səhnəsindən silinsə də, Azərbaycan ordusu məhrumiyyətlərə və mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq ayaqda qalmış və müasir dövrdə Cənubi Qafqazın müzəffər ordusu kimi yaddaşlarda yaşamaq haqqı qazanmışdır. 1918-ci ilin 1 avqust tarixində Cümhuriyyətin Hərbi Nazirliyinin təsis edilməsi İslam şərqində yaradılan ilk parlamentli müstəqil respublikanın qısa zamanda böyük uğurlara imza ataması ilə nəticələnmiş, sərhədlərin qorunması kimi mühüm məsələlər gündəmə gətirilmişdir. Cümhuriyyətin İstiqlal Bəyannaməsində şərəfli yer tutan Azərbaycan Silahlı Qüvvələri ifadəsinin və ordunun yaradılmasına dair əks olunan qeydin üzərindən xeyli vaxt keçir. 

General Səməd bəy Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunun yaradılması heç də asan başa gəlməmiş, dövlət ordu quruculuğu sahəsində bir sıra maddi məhrumiyyətlər və mütəxəssis çatışmazlığı ilə qarşılaşmışdır. Bununla yanaşı, Azərbaycanda ordu yaradılması işi xarici və regional təzyiqlərlə də üzləşmiş, Rusiyada aktivləşən bolşevizm prosesə maneə yaratmq üçün hər vasitəyə əl atmağa hazır idi. Yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, hərbi nazir S.Mehmandarov və onun müavini general-leytenant Əliağa Şıxlinskinin çar ordusunda əldə etdikləri yüksək hərbi təcrübə Azərbaycan ordusunun yaradılmasında əhəmiyyətli rol oynamışdır. Məhz hər iki peşəkar hərbçinin səriştəsi və professional idarəçiliyi respublikada nizami ordunun inkişafına və formalaşmasına mühüm təsir göstərmişdir. Türkiyə kimi qüdrətli dövlətlə qonşuluq Azərbaycanın o dövrdə, konkret ifadə etsək 1918-ci ilin mart, aprel, may soyqırımlarının qarşısının alınmasında həlledici rol oynamışdır. Nuru paşanın komandanlığı altında bolşevik və daşnak zülmünə qarşı vuruşmaq üçün Azərbaycana daxil olmuş son Osmanlı ordusu ölkədə yaşayan bütün xalqların mümayəndələrinə qarşı törədilən soyqırımlarının qarşısının alınmasında müstəsna hadisə kimi tarixdə parlaq səhifə yaratmışdır. 

Çarizmin hökm etdiyi dövrdə olduğu kimi Sovet rejimi dövründə də Azərbaycana qarşı yürüdülən məkrli siyasət dəyişmədi. Bu, özünü heç şübhəsiz ki, ordu quruculuğu işində də göstərirdi. 1920-ci ilin sovet işğalı Azərbaycana hərbi məhrumiyyətlər və məhdudiyyətlər gətirdi. Nəticədə respublikanın 21 generalından 15-nə  bolşevizm tərəfindən güllələnmə cəzası verilmişdir. Eləcə də milli kadrların hazırlanması və hərbi təhsil sahəsində azərbaycanlı peşəkar zabitlərin yetişdirilməsinə səmimi yanaşmayan ittifaq dövləti, belə ciddi və taleyüklü məsələlərdə Azərbaycanı kənar tutmağa çalışırdı. 

Ardınca, II Dünya müharibəsi illəri Azərbaycan üçün ağır sınaqlar və fəlakətlərlə nəticələnmişdir. 600 bəzi mənbələrdə 700 minə yaxın azərbaycanlının iştirak etdiyi həmin müharibə illəri sovet ordusu sıralarında xidmət keçən yüzlərlə, minlərlə azərbaycanlının həyatına son qoymuşdur. Həyatını itirən həmin gənc azərbaycanlılar böyük bir ordu yaradacaq qədər say baxımından çox olmuş, xeyli sayda ailələr başsız qalmışdır. Qeyd etmək lazımdır ki, I və II Dünya müharibələrində iştirak edən azərbaycanlılar arasında barmaqla sayılacaq qədər yüksək rütbəli zabitlər var idi. Onların döyüş yolu və şücaətləri də dövrün hökumətləri tərəfindən layiqincə qiymətləndirilməmişdir. Göstərdikləri fədakarlıqlar filmlərə səhnə olmamış, kitablarda da adları məhdud sayda, demək olar ki, çəkilməmişdir. 

Sovet hakimiyyəti illərində çarizmdən fərqli olaraq Azərbaycan gəncləri hərbi xidmətə çağırılırdı. Lakin, gənclər burada da hərb işindən uzaq tutulmağa çalışılırdı. Azərbaycanlılar əsasən hərbi xidmət dövründə tikinti batalyonlarına, texniki təchizat, yemək paylanması kimi diqqət çəkməyən işlərə cəlb olunurdular. Ən yaxşı halda soydaşlarımız sürücü peşəsinə yiyələnə bilərdilər. Bu hal respublikada əsasən 1969-cu ilə qədər davam etmiş, həmin illər ərzində Azərbaycan ordusu SSRİ-nin tərkibində, kölgədə qalmışdır. Mövcud sahədə ittifaq respublikaları arasında ayrıseçkiliklə üzləşən Azərbaycana qarşı qərəzli münasibətin dəyişməsi və gələcəkdə ixtisaslı hərbi kadr potensialının yüksəldilməsində görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin fəaliyyəti və müdrik siyasəti nəticəsində problem tədricən aradan qaldırılmışdır. 

Məhz Heydər Əliyevin böyük səyləri və siyasi nüfuzu sayəsində 1971-ci ilin 20 iyununda C.Naxçıvanski adına kiçik zabit hazırlayan hərbi məktəbin açılışı Azərbaycanın sovet dövrü ordu quruculuğu prosesinin yaranmasına müsbət təsir göstərmişdir. Azərbaycanda bununla yanaşı Bakı Ali Hərbi Dənizçilik məktəbinin açılması da respublikada hərb işinin irəlilədiyini, inkişaf edərək ittifaq səviyyəsinə yüksəldiyini göstərirdi. Bununla yanaşı, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gənc azərbaycanlılar SSRİ-nin müxtəlif zabit hazırlayan məktəblərinə təhsilə göndərilmiş və bir sıra hərbi sahələrdə qabaqcıl kadrlar kimi respublikaya qayıdaraq xidmət etmişlər. Cümhuriyyətin siyasi varisi olan Azərbaycan Respublikasında Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun respublika Silahlı Qüvvələri Günü elan olunmuşdur. Dövrünün yetişmiş gənc zabitləri və respublikada yaradılmış hərbi ixtisaslı məktəblərin məzunları gələcəkdə Azərbaycanın müdafiəsi işində yaxından iştirak etmiş, I və II Qarabağ döyüşlərində onların qazandıqları təcrübələr az əhəmiyyət daşımamışdır.

Hazırda Azərbaycan ordusu Cənubi Qafqaz regionunun və bütövlükdə Qafqazın ən güclü və hazırlıqlı silahlı qüvvələri kimi öz qüdrətli dövrünü yaşayır. Hərbi büdcənin artırılması Azərbaycanın müasir və dəqiq silahlarla təchiz olunması işinə əhəmiyyətli təsir göstərir. Azərbaycan ordusu hər il daha da güclənir, müasir dövrün tələblərinə uyğun tərəqqi yolunda irəliləyir. Bu işdə qonşu Türkiyə kimi ordu quruculuğu sahəsində dünyada ilk sıralarda duran yüksək peşəkarlıq nümunəsi Azərbaycan Silahlı Qüvvələri üçün örnək təşkil edir. Bütövlükdə Azərbaycanın son yüz ildə müasir ordu quruculuğu sahəsində keçdiyi yol asan olmamış, maneələr və mürəkkəb vəziyyət xalqın mübarizə ruhunu bir qədər də gücləndirmişdir. 

Respublikada müasir ordu quruculuğu siyasəti uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin praqmatik siyasi fəaliyyəti, Ali Baş Komandan olaraq, ölkə başçısının yürütdüyü dövlət idarəçiliyi həyatın bütün sahələrində olduğu kimi, hərbi tərəqqi işində də öz bəhrəsini verir. Dövlət və xalq birliyi Azərbaycanda milli inkişafın davamlı inkişafa gətirib çıxardığını, iqtisadi, siyasi və hərbi tərəqqiyə yol açdığını göstərir. Möhkəm birlik və dövlətə inam Azərbaycan xalqının II Qarabağ müharibəsində, 44 günlük savaşın nəticəsində itirlmiş torpaqlarının geri alınması və müstəqilliyinin möhkəmlənməsinə xidmət etmişdir.                

Azərbaycan Silahlı Qüvvələri müasir dövrün hərbi üstünlüklərini tətbiq etməklə 2020-ci ilin Vətən müharibəsində parlaq qələbəyə imza atmışdır. Tam qələbə regional və beynəlxalq mətbuatın diqqət mərkəzində olmuş, Azərbaycan ordusunun düşmənlə mübarizədə taktik gedişləri geniş müzakirələrə səbəb olmuşdur. Hətta Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm qələbə dünyanın hərbi institutlarında tədqiq olunur və alınan müsbət nəzəriyyələr aparıcı dünya mətbu orqanlarında nəşr olunur. 2021-ci ildə “Global Firepower” təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri “Dünyanın ən güclü ordusu” reytinqində 63-cü yerdə qərar tutub. Göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsindən ötən dövr ərzində bir qədər də qüdrətini artırmış, adı beynəlxalq hərbi tədqiqat mərkəzlərinin illik araşdırmalarında ön sıralara çəkilmişdir. 

Yaşadığımız XXI əsrdə bölgəyə sülh və əminamanlıq gətirən Azərbaycan ordusu regional və beynəlxalq əməkdaşlığın qarantına çevrilmişdir. Hazırda Azərbaycan dövlətinin iradəsi olmadan Cənubi Qafqazda heç bir beynəlxalq layihə icra oluna bilməz. Bunun üçün respublikanın siyasi dialoqa verdiyi üstünlük ikitərəfli və paralel olaraq çoxtərəfli əməkdaşlıq üçün əsas yaradır. Azərbaycan Respublikasının daşınan enerji ilə yanaşı, yaşıl enerji sahəsində əldə etdiyi müsbət təcrübə, həmçinin iqlim dəyişiklikləri fonunda bir neçə aydan sonra, beynəlxalq COP29 tədbirinə rəhbərlik etməsi ölkənin ordu ilə yanaşı, tərəqqipərvər yaşıl dünya naminə böyük layihələrdə yer aldığını göstərir. Aparılan təhlillər göstərir ki, Azərbaycanın bölgədə yaratmış olduğu müasir və sülhsevər ordu potensialı sərmayə mühitinin inkişafına və əmək miqrasiyasının genişlənməsinə əhəmiyyətli təsis göstərir. Bu, onu göstərir ki, güclü iqtisadiyyatı olan dövlətin güclü ordusu var. Həmin ordu regionda tolerant, sülh və əminamanlıq şəraitində birgə yaşamaq üçün öz qüdrərtini dünya durduqca davam etdirəcək.             

Aqil ƏHMƏDOV, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: