Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bu gün akademik Bəkir Nəbiyevin doğum günüdür
21.08.2024 10:38
  • A-
  • A
  • A+

Bu gün akademik Bəkir Nəbiyevin doğum günüdür

Avqustun 21-i ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin doğum günüdür. Ədəbiyyat elmini özünə həyat kredosu seçən, bir gün belə onsuz yaşamayan Bəkir Nəbiyevin ədəbiyyatımıza, onu yaradanlara dərin məhəbbəti və bitib-tükənməyən enerjisi cild-cild kitabların, saysız-hesabsız elmi məqalələrin meydana gəlməsinə münbit şərait yaradıb. O, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlər yazıb və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib.

AzərTac akademik Bəkir Nəbiyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alıb. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndə artıq beş ildən çox müəllimlik təcrübəsi olan gənc filoloqun görkəmli ədəbiyyatşünas kimi formalaşmasına mətbuat-publisistika sahəsindəki fəaliyyəti mühüm təsir göstərib. Universitetin aspiranturasına qəbul olan Bəkir Nəbiyev 1960-cı ildə “Firudin bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 1951-ci il 4 noyabr tarixli nömrəsində dərc edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb. O dövrün nüfuzlu “Azərbaycan gəncləri”, “Kommunist” və digər qəzetlərində ədəbi işçidən şöbə müdirinə qədər yüksələn, Yazıçılar, Jurnalistlər birliklərinə üzv qəbul edilən Bəkir Nəbiyev ötən əsrin 60-cı illərinin əvvəlində elm aləminə bir neçə sahənin mütəxəssisi kimi gəlmişdi: müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi.

Ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə, ədəbi əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən çox kitab, 900-dən çox məqalə və resenziya həsr edən alim nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, həmçinin Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas kimi tanınıb. Bir çox doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olub. Ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasında xidmətləri böyükdür.

Akademik Bəkir Nəbiyev XX əsrin ortalarından etibarən ədəbi prosesin və ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olub, ədəbiyyatın əbədiliyinə böyük inamla bədii irsin tədqiqi ilə məşğul olub. İlk peşəkar tənqidçimiz Firudin bəy Köçərli haqqında 1963-cü ildə çap olunmuş sanballı monoqrafiyası ilə Bəkir Nəbiyev alim kimi ədəbi-nəzəri fikir tariximizə daxil ola bilib.

Elmi-ictimai fəaliyyətinin birinci mərhələsini hər bir görkəmli elm adamı üçün fəxr sayıla biləcək məhsuldarlıqla, intensiv və çoxşaxəli axtarışlarla başa vuran Bəkir Nəbiyev ikinci mərhələyə Azərbaycan Milli Elmlər Akademiyasından başlayıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı çox keçmədən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Bəkir Nəbiyevə daha məsul vəzifə - Ədəbiyyat Muzeyinin direktorluğu tapşırılıb. Bu vəzifədə 15 ildən çox çalışan Bəkir Nəbiyev muzeyin daha da zənginləşməsində, dövrün tələbləri əsasında yenidən qurulmasında, beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, elmi-tədqiqat fəaliyyətini də yüksək templə davam etdirib. Yaradıcılıq yolunun ikinci mərhələsində alimin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif məsələlərinə dair 10-dan çox kitabı, 300-dək məqaləsi çap olunub.

Mərhum akademikin “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963), “Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Tənqid və ədəbi proses” (1976), “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (1977), “Kamalın təntənəsi” (1981), “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006), “Hərənin öz yolu var” (2007) və s. kitabları tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960-2010) dövrünü mərhələli surətdə əks etdirir. Bu əsərlər heç vaxt köhnəlməyən müasir təfəkkürlə, yüksək tarixilik duyğusu, məntiq və mühakimə ilə yazılıb.

O, Azərbaycan filologiyasında mükəmməl “Bəkir Nəbiyev məktəbi”nin əsasını qoyub. Görkəmli alimlərimizdən Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu onun yetirmələridir. Bu məktəbin nümayəndələri görkəmli Azərbaycan tənqidçisi və ədəbiyyatşünaslarıdır.

Ədəbiyyatşünas alimin zəngin fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb, Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib.

Akademik Bəkir Nəbiyev 2012-ci il martın 15-də Bakıda vəfat edib.

  • Paylaş: