Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

19.09.2024 09:30
  • A-
  • A
  • A+

Əvəzsiz insan

Əvəzsiz insan

Günlər, həftələr, aylar bir-birini əvəz edir, yaşadığımız XXI əsrin artıq üçüncü onilliyidir. Belə bir vaxtda keçmişə dönür, ötüb keçənləri bir daha göz önünə gətirərək qazanc və itkilərimizi yenidən nəzərdən keçiririk.

Azərbaycan şərqşünaslıq elmi. XX əsr bu elmin ölkəmizdə sistemli şəkildə təşəkkül tapması, sürətli inkişafı və çiçəklənməsi əsridir. Məhz bu dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələri inkişaf etmiş, qüdrətli elmi potensial yaranmış, milli şərqşünas kadrlar yetişmişdir.

Bu sahədə hər bir əsəri elmdə yeni söz, yeni ixtira sahibi olan parlaq alimlər, işıqlı şəxsiyyətlər yaratmışlar: akademik Əbdülkərim Əlizadə, akademik Əlisöhbət Sumbatzadə, akademik Həmid Araslı, akademik Ziya Bünyadov, professor Rüstəm Əliyev, professor Aida İmanquliyeva.

Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman keçdikcə və elmi təfəkkür inkişaf edib zənginləşdikcə bütün dolğunluğu ilə dərk edilir. Onların elmə verdikləri töhfə vaxt axarında yeni tədqiqatçılar tərəfindən daha dəqiq, daha yüksək qiymətləndirilir. Aida Nəsir qızı İmanquliyeva məhz belə alimlərdən, belə şəxsiyyətlərdəndir.

Filologiya elmləri doktoru, professor Aida İmanquliyeva 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin o vaxtlar yenicə açılmış ərəb bölməsinə verib. Hələ tələbəlik illərində öz ciddiliyi, zəhmətsevərliyi, çalışqanlığı ilə seçilmiş, müəllimlərin nəzər-diqqətini cəlb edib. Aida İmanquliyeva 1962-ci ildə ali təhsilini bitirəndən sonra elə həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olub, bir az sonra keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlayıb və enişli-yoxuşlu elm yolunun bütün pillələrini keçibdir. Kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb, 1976-cı ildə isə institutda yeni yaranan Ərəb filologiyası şöbəsinə müdir təyin olunub və ömrünün sonunadək ona rəhbərlik edib.

Aida İmanquliyeva ölkəmizdə ilk dəfə olaraq milli ərəbşünas-ədəbiyyatşünaslar məktəbi yaradıb. Onun bilavasitə rəhbərliyi ilə Ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanmış, 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmiş, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin ən müxtəlif sahələrini araşdıran monoqrafiya və kitablar hazırlanıb nəşr olunmuşdur. Eyni zamanda Aida xanım ərəbşünaslıq üzrə bir sıra kitab və məqalələr məcmuəsini redaktə etmiş, onların elmi redaktoru olmuşdur.

1988-ci ildə Aida xanım institutun elmi işlər üzrə direktor müavini təyin olunur. 1989-cu ildə alim Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edir və beləliklə də xalqımızın tarixində ilk azərbaycanlı qadın ərəbşünas elmlər doktoru olur və tezliklə bu ixtisas üzrə professor adı alır.

1991-ci ildən ömrünün son günlərinədək A.İmanquliyeva Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Tutduğu bütün vəzifələrdə Aida xanım səy və bacarığını əsirgəməmiş, qısa müddətdə işdə dönüş yarada bilmişdi.

O, gözəl elm təşkilatçısı idi. Onun bilavasitə rəhbərliyi ilə institutda bir sıra elmi konfrans və sessiyalar təşkil edilmişdi. Görkəmli alim Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri ədəbiyyatları" ixtisası üzrə Müdafiə Şurasının üzvü, sədr müavini və son illərdə sədri olmuşdur. Aida xanım dəfələrlə Azərbaycan şərqşünaslıq elmini yaxın və uzaq xarici ölkələrdə ləyaqətlə təmsil etmiş, Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilən elmi konfranslarda dəyərli məruzələrlə çıxış etmişdi. Eyni zamanda A.İmanquliyeva Yazıçılar Birliyinin, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin rəyasət heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq koordinasiya şurasının üzvü olmuşdur. O, uzun illər pedaqoji fəaliyyətlə də səmərəli məşğul olmuş, ADU-da ərəb ədəbiyyatı fənnindən mühazirələr oxumuşdur.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin dairəsi geniş və çoxşaxəlidir. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Rus-ərəb və Azərbaycan-ərəb ədəbi əlaqələri də onun diqqət mərkəzində olub. Alimin xüsusi maraq obyektini yeni ərəb ədəbiyyatının çox mühüm cərəyanı olan məhcər ədəbiyyatı təşkil edib. "Suriya-Amerika məktəbi" adlanan bu ədəbi cərəyan XIX əsrin sonu - XX əsrin əvvəllərində Suriya və Livandan ABŞ-yə mühacirət etmiş ərəb ailələrində yetişmiş, yaxud da özləri mühacirət etmiş yazarlar tərəfindən yaradılıb. Məhcər yazıçılar mühacirətdə geniş yaradıcılıq fəaliy-yətilə məşğul olmuş, çoxsaylı bədii ədəbiyyat nümunələri yaratmış, mətbu orqanlar təsis etmiş, "Qələmlər birliyi" adlı ədəbi cəmiyyət təşkil etmişlər. Aida xanım İmanquliyevanın 1975-ci ildə Moskvada nəşr olunan ilk monoqrafiyası məhz bu ədəbi cəmiyyətin fəaliyyətinə və onun ən görkəmli nümayəndələrindən olan Mixail Nuaymənin yaradıcılığına həsr olunub.

Monoqrafiyada müəllif ardıcıl surətdə və dəqiq elmi dəlillərlə sübut edir ki, "Qələmlər birliyi"nin yaranması ərəb ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan yeni ədəbi məktəbin yaranması hesab olunmalıdır. M.Nuaymə, C.X.Cübran, İ.Abu Madi, R.Əyyub, N.Arida, A.M.Xəddad kimi görkəmli yazarları öz sıralarında birləşdirən bu cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv bir mərhələ təşkil etmiş və xeyli dərəcədə onun sonrakı inkişafını müəyyənləşdirmişdi. Yeni mövzular, real həyatın əksi, ərəb cəmiyyətinin ən ümdə problemləri məhcər ədəbiyyatında öz bədii həllini tapmışdı. Mühacir yazıçılar ərəb nəsrinin bədii təsvir vasitələrini yeniləşdirmiş, cəmiyyəti narahat edən problemləri vaxtında duyub əsərlərində sadə formada əks etdirmişdilər. Mixail Nuaymə ərəb ədəbiyyatına yeni üslub - tənqidi realizm gətirmişdi ki, bu üslubun onun yaradıcılığında formalaşmasında rus ədəbiyyatının güclü təsiri olmuşdur.

Alimin qənaətincə "Qələmlər birliyi"nin üzvləri ərəb şeirinə də yenilik gətirmiş, şeiri ənənəvi qəliblərdən çıxarmışlar. Ərəb ədəbiyyatında yeni janr - mənsur şeir yaradan C.X.Cübranın, M.Nuaymənin, İ.Abu Madinin şeirlərində nəinki formaca, hətta məzmunca belə ənənəvi təqlidçilikdən imtina edilir, yeniliyə meyil güclənir.

Alimin növbəti kitabı - "Cübran Xəlil Cübran" Bakıda 1975-ci ildə işıq üzü görüb. Əsərdə ərəb məhcər ədəbiyyatının nümayəndəsi - C.X.Cübranın yaradıcılığı araşdırılır. Müəllif burada Cübran yaradıcılığında romantizm üslubunun inkişaf prosesini izləyir, yazıçının ən məşhur əsərlərini təhlil edir, onun yaradıcılıq metodunu, dünyagörüşünü, poetik dilinin təkamülünü, lirizmi, romantik qəhrəman obrazının xüsusiyyətlərini tədqiq edir. Alim düzgün müəyyənləşdirir ki, Cübranın dünyagörüşündəki təkamül onun ilk nəsr əsərlərindəki sentimentalizmdən romantizmə keçdiyi mərhələdə daha geniş əks olunub. Yazıçının romantizm üslubu ilk növbədə onun əsərlərinin mövzusunda özünü büruzə verir.

Aida xanımın üçüncü monoqrafiyası - "Yeni ərəb ədəbiyyatının korifeyləri (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələri probleminə dair)" adlı əsəri, fikrimizcə, alimin yaradıcılığının şah əsəridir. Monoqrafiya 1991-ci ildə Bakıda "Elm" nəşriyyatı tərəfindən çap olunub. Əsərdə dünya ədəbiyyatının müxtəlif ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsiri araşdırılır. Burada dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinin məğzi və əhəmiyyəti tam aşkar edilir, ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb ədəbiyyatlarından mənimsəmə prosesi və onun nəticələri müəyyənləşdirilir. Belə bir müddəa irəli sürülür ki, XX əsrin başlanğıcında ərəb ədəbiyyatı məhəlli məhdudiyyət çərçivəsindən çıxmaq və dünya ədəbi prosesinin tərkib hissələrindən birinə çevrilmək üçün əsaslı inkişaf yolu keçməli, yeni dövrün ədəbiyyatı kimi təşəkkül tapması üçün inkişaf etmiş xarici ədəbiyyatların təcrübəsi ilə zənginləşdirilməlidi. Xarici ədəbiyyatların nailiyyətlərindən faydalanmış ərəb ədəbiyyatı ilk növbədə məhcər ədəbiyyatının nümayəndələrinə borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının təsiri altında olaraq, onun ən yaxşı nailiyyətlərini mənimsəmiş və özlərinə məxsus şəkildə inkişaf etdiriblər. Öz əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlaya bilən yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynayıblar. Məhz bu yazıçıların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr quruluşu daha da rəngarəng olub, bədii ifadənin yeni formaları yaranıb, ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Əsər yüksək elmi-nəzəri səviyyədə yazılıb. Müəllifin güclü elmi məntiqi və dərin nəzəri bilikləri nəticə etibarilə tədqiqatın müvəffəqiyyətini təmin edib, qiymətli elmi mülahizələrə zəmin yaradıb. Kitabın ədəbi məziyyətləri də yüksəkdir. Müəllif yığcam, dəqiq və inandırıcı ifadə bacarığına malik olduğunu təsdiqləyib. Əsərin əhəmiyyəti bir də ondadır ki, o ərəb mətbuat və publisistika tarixinə, ayrı-ayrı yazıçıların ictimai-siyasi və ədəbi fəaliyyətinə aid bir sıra yeni faktları üzə çıxarıb və bu sahədəki boşluğun doldurulmasına kömək edib.

Aida xanım İmanquliyevanı tanıyanlar onun çox zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir insan olduğunu yaxşı bilirdilər. Onun hər bir əsəri uzun illərin gərgin, gecəli-gündüzlü böyük zəhmətinin bəhrəsidir. Mütəxəssislər yaxşı bilirlər ki, hər bir elmi monoqrafiyanın araya-ərsəyə gəlməsi üçün müəllif nə qədər mənbə və kitab oxumalı, təhlillər etməlidir. Təkcə onu demək kifayətdir ki, Aida xanımın son monoqrafiyasının kitabiyyatı müxtəlif dillərdə olan (ərəb, rus, Azərbaycan, ingilis, fransız, alman) 455 mənbə və kitabın adını ehtiva edir.

Aida xanım mahir tərcüməçi idi. Şərq yazarlarının neçə-neçə əsərlərinin onun qələmindən çıxmış tərcümələri dövri mətbuatda və "Ağ günlərin sorağında" adlı topluda işıq üzü görüb.

Bütün deyilənlərlə yanaşı, Aida xanım, ən nəhayət, həssas, xeyirxah insan idi. Onun şəxsi keyfiyyətləri və dərin elmi bilikləri həmkarları arasında ona böyük hörmət və sevgi qazandırmışdı.

Artıq otuz iki ildir ki, institutumuz Aida xanımsızdır. Bu illər ərzində onu həzin-həzin yada salıb, bu və ya digər məsələ ilə əlaqədar dediklərini xatırlayırıq. Böyük ehtiyac duyuruq Aida xanıma, onun müdrik məsləhətlərinə, maraqlı söhbətlərinə. Onun getməsilə bizə dəyən mənəvi-psixoloji zərbənin ağrısı-acısı bu gün də duyulmaqdadır. Deyirlər, əvəzsiz insan yoxdur. Amma bu da həqiqətdir ki, Aida xanım kimi parlaq bir şəxsiyyətin, işıqlı insanın aramızdan vaxtsız getməsi onu tanıyanların qəlbində qəribə bir boşluq yaratdı. Və bu boşluğu hələ də heç kim və heç nə doldura bilmir. Çətin də doldura!..

Bu günlərdə Aida xanımın anım günüdür. Həmişə olduğu kimi onun həmkarları və tələbələri bu  günü onun məzarı başında qarşılayacaq...

Gövhər BAXŞƏLİYEVA, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik

“Azərbaycan” qəzeti

  • Paylaş: