Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.09.2024 18:25
  • A-
  • A
  • A+

Özbəkistanlı seysmoloqlar RSXM-də aparılan işlərlə tanış olublar

Özbəkistanlı seysmoloqlar RSXM-də aparılan işlərlə tanış olublar

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Elm, Təhsil və İnnovasiyalar Nazirliyinin yanında Qabaqcıl Texnologiyalar Mərkəzinin əməkdaşları - Yer elmləri üzrə fəlsəfə doktoru Azamat Zakirov və Bobur Abdurahmanov sentyabrın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Nardaran” seysmik stansiyasında olublar. Özbəkistanlı seysmoloqlar səfər çərçivəsində seysmik stansiyanın iş prinspi ilə yaxından tanış olublar.

AMEA nəzdində RSXM-nin Geodinamika şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov qonaqlara Mərkəzin seysmik stansiyalarında aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar haqqında məlumat verib. Şöbə müdiri GPS stansiyalarının quraşdırılması, bu stansiyalardan toplanmış məlumatların emalı və alınmış nəticələr haqqında da danışıb.

Özbəkistan Respublikasının Elm, Təhsil və İnnovasiyalar Nazirliyinin yanında Qabaqcıl Texnologiyalar Mərkəzinin əməkdaşlarının daha bir görüşü isə RSXM-nin Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma və Makroseysmik tədqiqatlar şöbələrinin əməkdaşları ilə olub. RSXM-də keçirilən görüşdə qonaqlar hər iki şöbənin işi ilə yaxından tanış olublar. Görüşdə qonaqlara Azərbaycan ərazisində baş verən güclü zəlzələlər, sürüşmə və tikinti sahələrində, həmçinin arxeoloji abidələrin yerləşdiyi sahələrdə aparılan seysmik kəşfiyyat işləri, eləcə də tikinti sahələrində aparılan mühəndisi-geoloji və mühəndisi-seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Görüşdə gələcəkdə Azərbaycanda və Özbəkistanda aparılan seysmik mikrorayonlaşdırma və mühəndis-seysmoloji kəşfiyyat sahəsində birgə layihələrin aparılmasının mümkünlüyü də istisna olunmayıb.

Görüşdə qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: