AR Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə Qazaxıstanın Almatı şəhərində keçirilən “İsti ulduzlar və ulduzlarətrafı mühitdə həyat” adlı beynəlxalq elmi konfransda iştirak etmək üçün elmi ezamiyyətdədir.
Fesenkov Astronomiya İnstitutu, Qazaxıstan Energetika və Fundamental Elmlər İnstitutu və Əl Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuş konfransda dünyanın 20-dən artıq ölkəsindən (ABŞ, İngiltərə, Şimali İrlandiya, Almaniya, Hollandiya, Çexiya, Belçika,Yaponiya, Çin, Hindistan, Meksika, Braziliya, Rusiya və s.) ulduz sahəsində işləyən alimlər, doktorant və dissertantlar iştirak edib, məruzə ilə çıxış ediblər.
Oktyabr ayının 14-dən start götürmüş beynəlxalq konfransın 4-cü günündə ŞAR-ın əməkdaşı H.Adıgözəlzadə “Qeyri-adi HD 190073 Ae Herbiq tipli ulduzun spektrində uzun müddətli spektral dəyişmələr” adlı məruzə ilə çıxış edib. İşdə HD 190073 qeyri-adi Ae Herbiq ulduzunun 2016-2023-cü illər ərzində spektral tədqiqatlarının nəticələri təqdim olunub. Qeyd olunub ki, tədqiqat işində Hidrogen xətlərinin fərq profillərinin təhlili göstərdi ki, maqnit sahəsi xətləri boyunca atılan və istiqamətlənmiş sıx maddə kütləsi dərin udma komponenti əmələ gətirir. Zaman keçdikcə yüksək enliklərdə atılan kütlə seyrəkləşir və ulduzun səthinə toplanır və profilin bənövşəyi qanadında zəif emissiya komponentləri əmələ gətirir. Göstərilib ki, ionlaşmış kalsium xətlərinin fərq profili P Cyg tipli tipik profilə malikdir və ümumiyyətlə hidrogen xətlərinin profillərindən çox da fərqlənmir. Bu xətlərin strukturu göstərdi ki, sürəti -300 km/s-dən çox olan güclü maddə axını var.
Tədqiqat işinin nəticələrinə əsasən, hidrogen, helium və digər elementlərin xətləri üçün spektrofotometrik parametrlərin uzunmüddətli dəyişkənliyi aşkar edilib. Zamanla uzunmüddətli dəyişkənliyə görə, təxminən 11-12 illik ümumi bir dövr var. Belə dəyişikliklərin səbəbləri qoşalıq və ya massiv planetlər ola bilər.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, alınmış nəticələrə uyğun geniş müzakirələr aparılıb.
Qeyd edək ki, beynəlxalq konfrans oktyabrın 19-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.