AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə Gürcüstan Respublikasının Tbilisi şəhərində transsərhəd çərçivəsində Qafqazın Ekoloji Regional Mühafizə Planına (ECP2020) yenidən baxılması ilə əlaqədar Regional Ekspertlər Yığıncağında Azərbaycanın müxtəlif təşkilatlarından olan nümayəndə heyətinin tərkibində beynəlxalq elmi ekspert qismində iştirak edib.
Tədbir əsnasında respublikanın müvafiq işçi qrupu tərəfindən Qafqazın Ekoloji Regional Mühafizə Planına (ECP2020) iqlim dəyişikliyinin azaldılması və uyğunlaşması üzrə tövsiyələr, həmçinin Qafqazda biomüxtəlifliyin qorunması sahəsində əsas amillərin təsviri və izahı verilib, Qarabağ və Şərqi Zəngəzurda xüsusi mühafizə olunan ərazilərin yaradılması zərurəti nəzərə alınaraq, bu məsələnin sənədə əlavə bənd kimi salınması təklif edilib. Tədbirdə biomüxtəlifliklə bağlı beynəlxalq müqavilələrin həyata keçirilməsi üçün regional alət kimi ECP-nin rolu müəyyən edilib, əsas konseptual yanaşmaları, ekoregion sərhədlərinin əsaslandırılması, mühafizə olunan landşaftlarının ətraflı təsviri və ECP tərəfindən nəzərdə tutulan Ekoloji şəbəkənin əsasını təşkil edən Əsas biomüxtəliflik sahələri və məlumatlar, Ekoregionun bəzi təhlükə altında olan növlərinin vəziyyəti və s. müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.