AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Ankarada Tokat Gaziosmanpaşa Universiteti, Ankara Universiteti, Türkiyə Statistika Qurumu, Türk Statistika Dərnəyi, Budapeşt Texnoloji və İqtisadiyyat Universiteti, Vilnius Gediminas Texnik Universiteti və Səlcuk Universitetinin birgə təşkilatçılığı ilə baş tutan nüfuzlu “VI Beynəlxalq tətbiqi statistika konfransı”nda onlayn iştirak edib.
“Məhəmməd Füzulinin “Söhbətül-əsmar” alleqorik poeması biblioqrafik göstəricilərdə” adlı məruzə ilə çıxış edən Fidan Nəsirova poemanın dahi şairə məxsus olub-olmaması ilə bağlı şübhə və tərəddüdlər, filoloji-nəzəri müstəvidə tədqiqatçılar arasındakı fikir ayrılığı kimi problemləri qabartmaqla əsərin ideya-bədii xüsusiyyətləri, forma və məzmun özəllikləri haqqında da konfrans iştirakçılarına məlumat verib. Məruzədə həmçinin “Söhbətül-əsmar” alleqorik mənzuməsinin sistemləşdirilmiş axtarış resurslarına, biblioqrafik toplulara əsasən tədqiq dərəcəsi araşdırılıb. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.