Rusiya Federasiyasının Moskva Əyaləti Dubna beynəlmiləl elm şəhərində 8-ci Ənənəvi Milli Mədəniyyətlər festivalı keçirilib.
Festivalda məqsəd yaradıcı xalq-tətbiqi və milli geyimlərin sərgisinin keçirilməsi, xalq yaradıcılığı və milli yeməklərin tanıtmaq olub.
Dubnada yaşayan müxəlif millətlərin iştirak etdiyi festivalda hər il olduğu kimi bu il də Azərbaycanı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi ezamiyyətdə olan Azərbaycan milli qrupunun üzvləri təmsil ediblər.
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Azərbaycan Milli qrupunun rəhbəri Nazim Hüseynov və institutun Neytron Fizikası laboratoriyasının böyük elmi işçisi Afaq Mədədzadənin təşkilatçılığı ilə institutda çalışan həmvətənlərimiz ailə üzvləri ilə birgə ölkəmizi, milli mədəniyətimizi, Azərbaycan milli mətbəxinin incilərini nümayiş etdiriblər.
Tədbirdə Azərbaycan qrupunun uşaqlar üçün təşkil etdiyi master -klass iştirakçılar tərəfindən maraqla qarşılanıb. Master -klass da Qarabağın simvolu Xarıbülbül qəlib formasında hazırlanıb. Şuşada yetişən Xarıbülbül özünəməxsus rənglərin əsas baza rəngləri ilə boyanacaq xüsusi parçalara köçürülüb və iştirakçılara xatirə olaraq paylanıb.
Festivalda fəxri qonaqlar qismində Dubnanın İcra hakimiyyətinin başçısı, Moskva vilayətinin Məlumat və Gənclik Siyasəti Nazirliyinin nümayəndəsi, Moskva vilayəti dumasının deputatı və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndələri iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.