Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı zəifləyərək, maksimal sinifli alışma M9.4 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2 səviyyəli fasilə və 10 sm-lik dalğa uzunluğunda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 83 ləkə müşahidə olunur.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 574 km/saniyəyədək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (370 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8 nT, radial istiqamətdə isə -1.5 nT təşkil edir.
Hesabat dövründə 25 noyabrda baş vermiş Tac Kütlə Atılmaları (TKA) səbəbli gözlənilən G1-G2 səviyyəli geomaqnit qasırğası baş verməmişdir. Plazma selinin təsiri zəif olub, 29 noyabrda geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 2.3-ə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (02-08 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olması gözlənilir.
Günəş küləyinin sürətinin 27 noyabrda baş vermiş TKA–nın təsiri ilə yüksələcəyi, 3-4 dekabrda isə nominal qiymətlərə geri dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.