Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dosent Günel Məlikli Rusiya EA-nın Fəlsəfə İnstitutunda təcrübə keçib
19.12.2024 11:45
  • A-
  • A
  • A+

Dosent Günel Məlikli Rusiya EA-nın Fəlsəfə İnstitutunda təcrübə keçib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda elmi tədqiqat və təcrübə keçib. O, elmi tədqiqat və təcrübə müddətində müxtəlif beynəlxalq konfranslarda iştirak edib.

Alimin səfəri, həmçinin rəsmi və praktiki tədbirlərdən ibarət olub. Tədqiqat ərzində yüksək elmi potensialı ilə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verə biləcək gənc alim olaraq, respublikada, eləcə də xaricdə nüfuzlu elmi məcmuələrdə dərc etdirdiyi məqalələri ilə alimləri, doktorantları tanış edib. O, elmimizin tanıdılması baxımından çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi üçün səyləri qeyd edərək, birgə layihələr və həm siyasi, həm də mədəni əlaqələrin inkişaf perspektivləri barədə institutun alimlərinə mühazirə söyləyib.

Təcrübə müddətində Abdusalam Hüseynov, Andrey Smirnov, Boris Prujinin və başqalarının elmi işləri ilə tanış olub. İnstitutun direktoru akademik Abdusalam Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin siyasi strategiyası haqqında kitabla xüsusi maraqlandığını və tərcümə olunaraq institut əməkdaşlarının bir qisminə hədiyyə edilməsini tövsiyə edib.

Doktorantlar Günel Məliklinin Ümummilli Lider Heydər Əliyevə və Azərbaycan Respublikası Prezidentinin dövlət təhlükəsizliyi siyasətinə həsr olunmuş məqalələri ilə tanış olublar. İnstitutun doktorantlarına Rusiya ilə Azərbaycan arasında beynəlxalq əlaqələr və onların inkişaf perspektivləri haqqında mühazirə oxunub. Azərbaycanlı alim birgə layihələr, həm siyasi, həm də elmi əlaqələrin inkişaf perspektivləri barədə məlumat verib, ixtisasartırma təcrübəsinin kadr potensialının inkişafına böyük töhfə verəcəyini və keçdiyi elmi təcrübədən Azərbaycanda səmərəli istifadə edəcəyini bildirib. İxtisasartırma, elmi təcrübə müddətində Azərbaycanda psixologiya elminin inkişafına təkan vermək və bu istiqamətdə dünya standartlarına uyğun elmi-tədqiqat işlərini aparmağı qarşısına məqsəd qoyub.

Günel Məlikli bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlət başçılığı və liderliyi miqyasında fəaliyyətinin fəlsəfə ilə elmin nəzəri-metodoloji ortaq sahəsində tədqiqi çox vacibdir. Məhz fəlsəfi-elmi araşdırma Heydər Əliyev fenomenini daha geniş prizmada adekvat anlamağa yardım edir.

Alim tədqiqatı ərzində Rusiya EA-nın Fəlsəfə İnstitutunun elmi və tədris fəaliyyəti və ixtisasartırma üzrə fəaliyyət göstərən Elmi-Tədris Mərkəzi ilə tanış olub, həmçinin Rusiya EA-nın bütün institutlar sistemində elm tarixi və fəlsəfəsini tədris edən əsas qurum olan Elm Tarixi və Fəlsəfə Departamentinin tədbirində yaxından iştirak edib, öz fikirlərini bildirib.

Gənc alim Ali Baş Komandan İlham Əliyevin misilsiz fəaliyyətindən, Prezident İlham Əliyevin yaşıl enerji və iqtisadi layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamasından danışıb. Həmçinin Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq ənənələrinə əsaslanan elmi əlaqələrdən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: