Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.12.2024 10:34
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Mərakeşdə beynəlxalq konfransda çıxış edib

Akademik Rafael Hüseynov Mərakeşdə beynəlxalq konfransda çıxış edib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Mərakeşin Rabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri giriş nitqi ilə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki açaraq rəhbərlik etdiyi qurumun konfransın həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib. O, tədbirin dünya ictimaiyyətinin diqqətini sülh və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara çəkmək üçün əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Baş direktor, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycanın konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgilədiyini deyib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ortaq mədəni, dini dəyərlərin, sülh və əmin-amanlığın, dinc əməkdaşlığın təmin edilməsi məqsədlərinin Azərbaycan və Mərakeş xalqlarını birləşdirdiyini deyib. Komitə sədri İCESCO ilə birgə təşkil edilən tədbirin bu istiqamətdə əldə edilən uğurların, nümunəvi təcrübələrin təbliği və təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyinə inamını ifadə edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam aləmində elmin, təhsilin inkişafı, zəngin mədəni irsin qorunması sahəsində böyük işlər görən İSESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Komitə sədri çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələrin bərpa edilməsi istiqamətində təşəbbüsləri barədə də məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov İslam sivilizasiyasını birləşdirən ortaq mənəvi dəyərlərə, bir çox xalqın birləşərək yaratdığı müştərək mədəni irsə diqqət çəkib. Bildirib ki, İslam dünyası zəngin və rəngarəng mədəni irsə malikdir. Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modelinə, çoxmədəniyyətli mühitlərdə rahat yaşamın doğru yollarını göstərən tarixi təcrübələrinə diqqət çəkən Rafael Hüseynov qeyd edib ki, ölkəmizdəki konfessiyalar həmişə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar.

Akademik Rafael Hüseynov bildirib ki, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dünyada müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birliyini yaradan ölkə kimi tanınır. Dövlətimiz müxtəlif dinlərə sitayiş edən, müxtəlif dillərdə danışan bütün etnik qrupların birgəyaşayışını təmin etmək üçün geniş və sistemli fəaliyyət göstərir. Alimin sözlərinə görə, 1918-ci ilə qədər Azərbaycanın tərkibində olan İrəvan “məscidlər şəhəri” kimi tanınırdı. Onların hamısı məhv edilib. Bu, başqa dinlərə, xalqlara, mədəniyyətlərə münasibətin bariz nümunəsidir.

Konfrans çərçivəsində müxtəlif dinlərin zənginliyini və ortaq bəşəri dəyərləri, dinlərarası harmoniyanı əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: