Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının N saylı hərbi hissəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Konfransda AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Heydər Əliyev və Gəncə”, Gəncə Dövlət Universitetinin dosenti Bayram Apoyev “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir”, mayor Orxan Tağızadə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” mövzusunda geniş məruzə ilə çıxış ediblər.
Polkovnik Feruz Hüseynov çıxış edərək bugünkü görüşün Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayaraq, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən bu əlamətdar ildə, alim və tədqiqatçıların fəaaliyyətlərini yüksək qiymətləndirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə rəşadətli Azərbaycan ordusunun 44 Günlük Zəfər tarixinə, hərbi hissənin şəxsi heyətinin də məhz Vətən müharibəsində cəsarət və mərdliklə döyüşündən qürur hissi ilə danışıb.
Sonda tədbirin təşkilatçıları və qonaqlar Fəxri fərmanlarla təltif olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.