Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli suverenliyə doğru: 20 Yanvarın əbədi işığı
20.01.2025 15:02
  • A-
  • A
  • A+

Milli suverenliyə doğru: 20 Yanvarın əbədi işığı

20 Yanvar hadisələri Azərbaycanın tarixində mühüm bir dönüş nöqtəsidir. Həmin gün Azərbaycan xalqının milli oyanışını daha da sürətləndirdi. Bu hadisə Sovet İttifaqının repressiv siyasətinə qarşı ümumxalq qəzəbi yaratdı və müstəqillik uğrunda mübarizəni gücləndirdi. Xalq öz azadlığı və suverenliyi uğrunda birləşərək Sovet rejiminin süqutuna doğru irəliləyişə yol açdı. Bu hadisələr Azərbaycan xalqının Sovet İttifaqından ayrılmaq qərarının əsas təkanverici güclərindən biri oldu. Bu hadisədən sonra müstəqillik hərəkatı daha geniş miqyas aldı və nəticədə Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini bəyan etdi. 20 Yanvar hadisələri müasir Azərbaycan Respublikasının yaranmasında mühüm rol oynadı.

Bu fikirləri müsahibəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev deyib.

O bildirib ki, 20 Yanvar hadisələri beynəlxalq miqyasda Azərbaycanın müstəqillik mübarizəsini tanıtmağa yardım etdi. Hadisələrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən siyasi-hüquqi qiymət verilərək, faciənin günahkarları və səbəbləri geniş müzakirə olundu. Bu, Azərbaycanın müasir dövrdə beynəlxalq arenada öz haqq səsini ucaltmaq istiqamətində mühüm addımlarından biri oldu.

“Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox mühüm və cəsarətli addımlar atıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün xüsusi siyasət yürüdüb. Azərbaycan hökumətinin dəstəyi ilə bir çox ölkədə bu hadisələrə dair konfranslar, sərgilər və anım tədbirləri keçirilib. Azərbaycanın xaricdəki səfirlikləri və diplomatik nümayəndəlikləri vasitəsilə 20 Yanvar faciəsinin mahiyyəti beynəlxalq təşkilatlara çatdırılıb, bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsi üçün müraciətlər edilib.

2020-ci ildə Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra Prezident İlham Əliyev çıxışlarında şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycan xalqının onların ruhu qarşısında borcunu ödədiyini vurğulayıb.

Bu gün Şəhidlər xiyabanı müstəqillik və azadlıq uğrunda mübarizənin simvoluna çevrilib. Hazırda müstəqil Azərbaycan dövləti bu tarixi dərsləri qoruyaraq daha güclü, birliyə əsaslanan və öz azadlığına sahib bir dövlət kimi inkişaf edir. 35 il öncə inkişafının yeni mərhələsini yaşayan milli oyanış, azadlıq və müstəqillik istəyi müasir dövrdə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş yeni Azərbaycanın formalaşmasına gətirib çıxarıb” , - deyə Elmir Babayev qeyd edib.

AzərTac

  • Paylaş: