Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan arxeologiyası beynəlxalq konfransda
24.01.2025 10:51
  • A-
  • A
  • A+

Azərbaycan arxeologiyası beynəlxalq konfransda

Bugünlərdə Şimali Makedoniyada “Kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində” XIII beynəlxalq elmi-praktik konfransda Azərbaycan alimləri də fəal iştirak ediblər.

Bu məclisin ölkəmiz üçün əlamətdarlığı bir də ondadır ki, Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzi, Türkiyənin Adnan Menderes Universiteti, Macarıstanın Qabaqcıl Tədqiqatlar İnstitutu ilə birgə təşkil etdiyi elmi məclis tanınmış azərbaycanlı arxeoloq alim, professor, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr edilib. Konfransda müxtəlif qitələrdən 80-dək alim və tədqiqatçı mövzu ilə bağlı aktual məruzələrlə çıxış edib.

Açılış mərasimində elm və təşkilat komitəsinin sədri Rubin Zemon yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər mövzusunda çıxışında Azərbaycan arxeoloqu Qafar Cəbiyevin axtarış və tapıntılarının dünya tarix elmi üçün də önəmli materiallar verdiyini vurğulayaraq onu 75 illik yubileyi münasibətilə iştirakçılar adından səmimi təbrik edib, soydaşımıza xatirə hədiyyəsi təqdim edib.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Professor Qafar Cəbiyev: tərcümeyi-halı və elmi nailiyyətləri” mövzusunda məruzə edib. Beynəlxalq məclisdə ölkəmizlə bağlı  “Bakıda Bayırşəhər anlayışı və hamam mədəniyyəti”, “Azərbaycanda Şəki rayonu Babaratma kənd qəbiristanlığında 2 qəbrin öyrənilməsində kollektiv yaddaşın elementləri” mövzularında məruzələr də dinlənilib.

Professor Qafar Cəbiyev isə “Makedoniyalı İsgəndəri Azərbaycanla birləşdirən tarixi yaddaşa dair bəzi etüdlər” mövzusunda konfransın fəxri məruzəsi ilə çıxış edib. Yubiliyar dünya fatehinə ikihissəli mənzum roman həsr etmiş dahi Nizami Gəncəvinin “İsgəndərnamə” kitabını konfransın keçirildiyi Ohrid şəhər bələdiyyəsinin sədr müavini Ana Krstevkaya hədiyyə edib.

“Xalq qəzeti”

  • Paylaş: