Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının Səudiyyə Ərəbistanı Mərkəzinin müdavimləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət ediblər.
Müdavimlər institutun direktoru akademik Teymur Kərimli və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifovla görüşüblər.
Alimlərimiz gənclərlə ərəbdilli yazılı abidələrin tədqiqi ilə bağlı diskussiya aparıb, onlara əlyazma mətnlərinin yazılı tərcüməsi sahəsində tövsiyələr veriblər.
Daha sonra Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova institutun Akt zalında müdavimlərə “Əlyazmalar İnstitutunda saxlanılan ən qədim yazılı abidələr və ərəb dilçiliyi ilə bağlı əlyazma əsərləri” mövzusunda mühazirə oxuyub. S.Bayramova çıxışında İbn Hacib, Əhməd Çarpərdi, Molla Cami, Əbdülqahir Cürcani kimi alimlərin ərəb dilçiliyinə dair əsərləri barədə geniş məlumat verib. Müdavimlər həmçinin İsmayıl əl-Cövhərinin “Əs-sihah fil-Lüğa”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” əsərlərinin əlyazma nüsxələri ilə də tanış olublar.
Görüşün sonunda müdavimlərlə alimlərimizin xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.