Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2025 15:25
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Ədəbiyyat Muzeyində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2 fevral - Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Dilbər Hüseynova açaraq Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib.  Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi gənclər siyasətinin dövlətimizin inkişafının əsas istiqamətlərindən biri olduğunu bir daha sübut edir.

Daha sonra o, “Azərbaycan Respublikasının müstəqillik və suverenliyinin qəhrəman gəncləri” mövzusunda məruzəsini təqdim edib. Dilbər Hüseynova Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladıb. Məruzəçi 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdiyini, 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin həm ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpa edildiyini bildirib. Həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə sentyabrın 20-nin “Dövlət Suverenliyi Günü” elan edildiyini söyləyib.

Dilbər Hüseynova əlavə edib ki, 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə preambulasında başlıca niyyətlər olaraq dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması bəyan edilən Konstitusiya hazırlanıb. Konstitusiyanın qəbul edilməsinin 30 illiyi Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunu yenidən qiymətləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək üçün tarixi bir fürsətdir.

Məruzəsində tarix boyu öz cəsurluqları ilə fərqlənmiş və qürur mənbəyimiz olan gənclərimizin adlarını sadalayan Dilbər Hüseynova, II Dünya müharibəsində, Birinci və İkinci Qarabağ müharibəsində şücaət göstərən gənclərimizdən bəhs edib. O, 19 yaşlı Cavanşir Rəhimovun döyüşçüləri xilas etmək üçün göstərdiyi qəhrəmanlıqdan danışıb.

Daha sonra muzeyin Filiallarla iş üzrə direktor müavini Ləman Muxtarova “M.Ə.Rəsulzadənin daim gənc qalan Azərbaycan sevgisi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, 1918-ci ildə, Azərbaycanın ilk suverenliyi elan edilərkən Məhəmməd Əmin Rəsulzadənin yaşı bizim indiki yaşımızdan daha gənc olub. Onun bizim yaddaşımızda sadəcə yaşı ilə deyil, sönməyən və daim alovlanan istiqlal sevgisi ilə gənc qaldığını söyləyən məruzəçi on yeddi yaşlı Məhəmməd Əminin inqilabi fəaliyyətinin başlanğıcı kimi “Müsəlman gənclik təşkilatı”nı yaratdığını qeyd edib.

Ləman Muxtarova qeyd edib ki, rus litseyində və digər orta məktəblərdə təhsil alan türk tələbələrdən ibarət bu təşkilatı yaratmaqda əsas məqsəd isə gənclərdə milli hisləri oyatmaq, onları yerli ədiblərin əsərləri ilə tanış etmək və çarizm əleyhinə təbliğat aparmaq olub. Qəlbi vətən sevgisi ilə döyünən, istiqlal eşqi ilə alovlanan gənc Məhəmməd Əmin Rəsulzadə əbədi və daim gənc qalan Azərbaycan sevgisini “Əsrimizin Səyavuşu” əsərində əbədiləşdirib. Onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı bu gün suveren, bütöv Azərbaycan xalqının və gəncliyinin mirasıdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: