Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2026 11:44
  • A-
  • A
  • A+

Lənkəranda “Vətən, Zəfərin Mübarək!” adlı tədbir keçirilib

Lənkəranda “Vətən, Zəfərin Mübarək!” adlı tədbir keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin, AYB Lənkəran Bölməsinin və Lənkəran şəhər Mərkəzi Kitabxana Sistemlərinin birgə təşkilatçılığı ilə 6 noyabr 2026-cı il tarixdə Kitabxananın geniş zalında 8 noyabr Zəfər günü münasibətilə “Vətən, Zəfərin Mübarək!” adlı tədbir keçirilib.

Tədbirdə bölgə yazarları, alimlər, ziyalılar, tələbələr, kitabxana əməkdaşları və musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açıb. Onun 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qəhrəmanlığından, qazanılan möhtəşəm ZƏFƏRdən verdiyi qısa məlumatdan  sonra bu zəfəri bizə bəxş edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Yədulla Ağazadə, AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseynov, Respublika müharibə veteranları İB-nin Lənkəran Şöbəsinin sədr müavini Saleh Dostiyev, Vətən müharibəsi qazisi Ağasəlim Camalov 44 günlük Vətən müharibəsini doğuran səbəblər, bu müharibədə Şanlı Ordumuzun möhtəşəm qələbəsi, şəhid olmuş Lənkəran igidlərinin rolu barədə geniş məlumat veriblər.

Tədbirdə iştirak edən şairlər Xatirə Xatun, Ziyafət Yəhya, Əhməd Haqsevər, Ağamir Cavad, Nəriman Azəri, Xaqani Muğamatoğlu, Aqşin Mahir, MKS-nin əməkdaşı Könül İsmayılova, ictimai fəal, gənc müğənni Allahverən Pərvizoğlu çıxış edərək Zəfər günü ilə bağlı ürək sözlərini bildirib, Zəfər gününə həsr etdikləri şeirləri söyləyiblər.

Lənkəran şəhər C.Cabbarlı adına musiqi məktəbinin müəllimi, vokal ifaçısı Mehparə Rzayevanın, H. Rzayeva adına 2 saylı uşaq musiqi məktəbinin müəllimləri - tarda Hikmət Şiriyevin, kamançada Üzeyir Fəttayevin və qavalda Əhməd Kərimovun muşayiəti ilə  məktəbin şagirdləri Rəfail Nuriyevin və Elrad Məmmədovun ifa etdikləri Zəfər soraqlı mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkilib.

  • Paylaş: