ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənclər günü ilə əlaqədar tədbir keçirilib.
İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev qeyd edib ki, hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün isə illər lazımdır. Bu gün Azərbaycan gəncliyi ən qürurlu və şərəfli günlərini yaşayır. 2016-cı ildə baş verən və hərb tariximizə “Aprel döyüşləri” kimi düşən döyüşlərdə, eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi yeni bir qəhrəmanlıq tarixi yaza bildi. Təmas xəttində düşmənin hər cür təxribatına inamla, qəhrəmancasına cavab verən Azərbaycan əsgəri gənc nəslin ölkə həyatındakı nə qədər mühüm rol oynamasının göstəricisi idi. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir və hər yerdə ölkəmizi layiqincə təmsil edirlər. “Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir”, - deyərək akademik vurğulayıb.
Sonra akademik D.Tağıyev 2024-cü ildə institutun gənclərindən bir çoxunun xarici ölkələrdə keçirilən konfranslarda, akademik tədbirlərdə iştirak etdiyini, sertifikat və diplomlara layiq görüldüyünü diqqətə çatdırıb və bəzi gənclərin öz elmi tədqiqat işlərinin bir hissəsini xaricdə, elmi tədqiqat institutlarında apardıqlarını və alınmış nəticələrin birgə məqalələr şəklində çap etdirdiklərini qeyd edib.
Akademik, eyni zamanda öz çıxışında gəncləri xarici ölkələrlə beynəlxalq əməkdaşlığı daha da artırmağa, təqaüd proqramlarına müraciət etməyə, savadlı kadr kimi yetişmək üçün yaradılan geniş imkanlardan istifadə etməyə, xarici dil biliklərini zənginləşdirməyə çağıraraq, həmçinin onlara konfranslarda, simpoziumlarda, müsabiqələrdə daha fəal iştirak etməyi tövsiyə edib. D.Tağıyev öz üzərində daim çalışan, məsuliyyətli, nizam-intizama riayət edən gənclərə hər zaman dəstək olacağını onların diqqətinə çatdırıb. Sonda akademik 2 fevral - “Gənclər günü” münasibətilə gəncləri təbrik edərək onlara cansağlığı və işlərində yeni uğurlar arzulayıb.
Sonra institutun Həmkarlar Komitəsinin sədri prof. Arif Əfəndi, elmi işçilər Günel Əzimova, Samirə Səfərəliyeva və Aygün İsazadə çıxış edərək gəncləri təbrik ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.