Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.02.2025 16:55
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Günü qeyd olunub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Günü qeyd olunub

Fevralın 3-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib.

İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açaraq bayram münasibətilə gəncləri təbrik edib. Akademik gənclər gününün yaranma tarixindən, Azərbaycan gənclərinin ölkə miqyasında hərtərəfli fəaliyyətindən, ölkəmizin qazandığı uğurlarda gənclərin iştirakından, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Akademik İradə Hüseynova qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gənclərimiz ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir. Gənclərin sosial problemlərinin həlli və hüquqlarının müdafiəsi təmin edilir. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramları uğurla həyata keçirilir.

Akademik İradə Hüseynova qeyd edib ki, bugünkü gənclər daha yaxşı təhsil almaq imkanına malikdirlər və hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc mütəxəssisləri xarici ölkələrdə doktorantura təhsilini davam etdirirlər. Akademik belə gənclərin yüksəkixtisaslı mütəxəssislər kimi Azərbaycan elminin gələcək inkişafına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.

Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun icraçı direktoru b.ü.f.d., dosent Ələmdar Məmmədov, MBBİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri b.ü.f.d. Nərgiz Bayramova çıxış edərək gəncləri bayram münasibətilə təbrik ediblər.

Daha sonra institutun gənc alim və tədqiqatçıları arasında keçirilən müsabiqənin nəticələrinə müvafiq olaraq MBBİ-nin elmi və ictimai həyatında fəal iştirak edən gənclər mükafatlandırılıb.

Bionanotexnologiya beynəlxalq laboratoriyasının elmi işçisi Mehriban Şabanova 1-ci yerə, Populyasiya genomiksi laboratoriyasının elmi işçisi Zərintac Şatırova 2-ci yerə, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Xuraman Səfərova və Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Xəyalə Əliyeva 3-cü yerə layiq görülüblər.

İlin gənc alimi nominasiyası üzrə Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. Aynurə Paşayeva, ilin fəal gənci nominasiyası üzrə Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Aygün Sadiqova və Bioadaptasiya laboratoriyasının elmi işçisi Səidə Zülfüqarova mükafatlandırlıblar.

Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Aygün Mustafazadə və Bioadaptasiya laboratoriyasının elmi işçisi Əsmər Hüseynovaya həvəsləndirici sertifikat və Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Nərgiz Bayramovaya isə Gənc Alim və Mütəxəssislər Şurasında səmərəli fəaliyyətinə görə Təşəkkürnamə təqdim edilib.

Gənclər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə akademik İradə Hüseynovaya təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: