Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.02.2025 12:28
  • A-
  • A
  • A+

Gəncə Bölməsində 2 Fevral – Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib

Gəncə Bölməsində 2 Fevral – Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və Bölmənin Gənc Alimlər və Mütəxəssislər Şurası tərəfindən “Gənclərin suverenlikdəki rolu: milli şüurun əhəmiyyəti və Konstitusiyanın ictimai həyata təsiri” mövzusunda  dəyirmi masa keçirilib.

Bölmənin müşavirə salonunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Dəyirmi masa müzakirələrini giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, bugünkü tədbirin əsas heyətini təşkil edən gənc tədqiqatçılara 2 Fevral- Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev gələcəyə yönəlmiş uğurlu gənclər siyasətinin formalaşdırılmasını müstəqil Azərbaycanın dövlət strategiyasının əsas istiqamətlərindən hesab edib və bu baxımdan, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizin qüdrətinin artırılması naminə onun hərəkətverici qüvvəsi olan gənclərə daim böyük inam bəsləyib, cəmiyyətimizdə onların inkişafının təmin olunması üçün zəruri şərait yaradıb.

Akademik Fuad Əliyev bu siyasi xəttin bəhrələrindən biri kimi, elm sahəsində də gənclərin yenilikçi rolunun gündən-günə artdığını xüsusi qeyd edib.

Dəyirmi masada gənc tədqiqatçıların maraqlı məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəsislər Şurasının sədri Vüqar Əhmədli “Suveren və müstəqil Azərbaycanın gələcəyi”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Dövlət müstəqilliyi və suverenlik: Gənclərin milli maraqların qorunmasındakı rolu”,  Diyarşünaslıq İnstitutunun Arxeologiya şöbəsinin  kiçik elmi işçisi Aytən İsayeva “Azərbaycan Respublikasının Konstitusiyası: Gənclər üçün başlıca hüquq və vəziflər”, AR Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun kiçik elmi işçisi Aynur Nəsirova “Konstitusiya və dövlətçilik: Gənclərin hüquqi maarifləndirilməsi”,  AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun böyük laborantı Fatimə Qurbanova “Vətənpərvər gənclər: Keçmişdən gələcəyə körpü”, AR Elm və Təhsil Nazirliyi Aqrar Problemlər İnstitutunun kiçik elmi işçisi Aytac Məmmədova “Azərbaycan gəncliyi və müstəqilliyi” və AMEA Gəncə Bölməsi Elektron Xidmətlər şöbəsinin aparıcı mütəxəssisi Əhməd Aslanov “Gənclərin suverenliyin qorunmasında və bərpasındakı rolu” mövzuları üzrə çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb. Həmçinin iştirakçılardan fəlsəfə doktorları Samirə Qasımıva, Əlimuxtar Muxtarov və İmran Qasımov da çıxış edərək, gənclərə təbrik və ürək sözlərini çatdırıblar.

Tədbirdə Bölmənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlının AMEA üzrə 2024-cü ilin ən fəal gənc alimi adına layiq olunduğu qeyd edilib və ona akademik İsa Həbibbəylinin imzası ilə müvafiq Fəxri Fərman, eləcə də gül təqdim olunub.

Tədbirin sonunda AMEA-nın Gəncə Bölməsinin sədri fəal elmi və ictimai mövqelərinə, eləcə də bugünki dəyirmi masada dolğun çıxışlara görə gənc tədqiqatçılara təşəkkür edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: