AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib. İclasda institutun gənc alim və mütəxəssisləri, ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndələri iştirak ediblər.
İclası İSİ-nin GAMŞ sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova açaraq bu əlamətdar gün münasibətilə şura üzvlərini təbrik edib, gənclərin elmdəki rolundan bəhs edib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib.
Gənclərin elmdə təmsil olunmasının önəmini vurğulayan L.Nəcəfova onların yüksək ixtisaslı elmi kadr kimi formalaşması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər və dövlət proqramları barədə söz açıb. O, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli sərəncamı ilə elm, təhsil, mədəniyyət sahələrində ictimai və sosialyönümlü fəaliyyəti ilə xüsusi fərqlənən istedadlı gənclərə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunmasının gənclərə olan dövlət qayğısının bariz göstəricisi olduğunu bildirib. Cari ilin 31 yanvar tarixində İSİ-nin Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının elmi işçisi Rüstəm Əzimovun sözügedən mükafata layiq görülməsinin önəmini xüsusilə vurğulayan L.Nəcəfova şura üzvləri adından gənc alimi təbrik edib, ona elmi fəaliyyətində yeni müvəffəqiyyətlər arzu edib.
Sonra şura üzvləri tərəfindən gənc nəslin prioritet elmi sahələrdə yeni tədqiqatlara cəlb olunması, əldə olunan elmi nəticələrin səmərəliyinin yoxlanılması və praktikada tətbiqi, gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan stimullaşdırıcı tədbirlər və sözügedən sahələrdə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, qarşıda duran vəzifələrdən bəhs edilib. Müzakirələrdə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d., dosent Aygün Əliyeva, GAMŞ sədr müavinləri elmi işçi Rüstəm Əzimov, baş mütəxəssis Nərmin Məmmədova, elmi işçi Səyyarə Hidayətzadə, kiçik elmi işçi Ülviyyə Göyüşova, mühəndis-proqramçı Məcid Qurbanov, böyük laborant Atakişi Göyüşov iştirak ediblər.
Daha sonra gənclər arasında intellektual yarış keçirilib. Yarışda “Kibernetika elmi”, “Gənclər Günü” və “İnstitutumuz” mövzularında kibernetika elminin tarixi, gənclərin elmdəki rolu və İdarəetmə Sistemləri İnstitutunun elmi istiqamətlərini əhatə edən suallar səsləndirilib. Gənclərin aktiv iştirakı ilə keçirilən yarışda qaliblər təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.