AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Elmi-Metodiki Şurasının iclası keçirilib.
İclası şuranın sədri, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq elmi şuranın yeni üzvlərini - AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri fil.e.d., dosent Sərxan Xavərini və Elektron Akademiya şöbəsinin müdiri fizika-riyaziyyat ü.f.d., dosent Fariz İmranovu təqdim edib.
Daha sonra direktor gündəlikdəki məsələləri diqqətə çatdırıb. MEK-in 2024-cü ildəki fəaliyyəti barədə şura üzvlərini məlumatlandıran H.Hüseynov kitabxananın ənənəvi fəaliyyəti ilə yanaşı, burada aparılan yeni islahatlar mərhələsindən söz açıb. Kitabxananın texniki bazasının təkmilləşdirilməsi nəticəsində rəqəmsallaşan nəşrlərin sayının sürətlə artdığını, bununla yanaşı, MEK-in geniş tammətnli bazasının olduğunu bildirib. Kitabxananın layihələrindən söz açan alim ötən ildən etibarən start alan “MEK könüllüləri” hərəkatı kitabxana tarixində mühüm addım kimi qiymətləndirib. Bundan əlavə, hər ayın ilk iki iş günü keçirilən “Açıq qapı”günləri və sənəd sifarişinin vaxtının uzadılması kitabsevərlər üçün gözəl fürsət olduğunu bildirib.
Daha sonra kitabxana rəhbəri Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarını xatırladıb və bununla əlaqədar təsdiq olunan tədbirlər planını diqqətə çatdırıb.
Gündəlikdə duran cari məsələlər qismində MEK-in Elmi-Metodiki Şurasının Əsasnaməsinin hazırlanaraq şura üzvlərinə təqdim edilməsi ilə bağlı müvafiq göstərişlər də verilib.
MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı f.ü.f.d. Şəfəq Əliyeva şöbənin ərsəyə gətirdiyi “Yaşıl kitabxanalar” kitabı haqqında geniş məlumat verib. Dünyada baş verən ekoloji böhranlar, fəlakətlərin qarşının alınması kimi tədbirlər çərçivəsində yaşıl və davamlı olmaq hərəkatının üzvü kimi kitabxanaların rolundan danışıb. Çıxışçı işğaldan azad olunmuş ərazilərdə və Azərbaycanın digər bölgələrində də “Yaşıl kitabxana”ların yaradılmasının perspektivlərinə toxunaraq bunun üçün yetərincə şəraitin olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.